"Bu gün bir çox digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi qarşısında yeni çağırışlar və tələblər dayanır".
Oxu.Az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il keçir" adlı məqaləsində qeyd edib.
Onun sözlərinə görə, müasir dövrdə məhkəmə-hüquq sisteminin, o cümlədən ədalət mühakiməsinin inkişafı hüquqi islahatlarla yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır:
"Ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, eyni zamanda, innovativ texnologiyaların tətbiqi müasir dövrün tələbidir.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciətində qarşıda duran vəzifələr və hədəflər barədə müvafiq fəaliyyət istiqamətləri müəyyən edilib: "Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir".