İpoteka krediti ilə bağlı dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılsa da, 300 manat alan sadə azərbaycanlıya bu kreditlər verilmir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu milli məclisin deputatı Qüdrət Həsənquliyev dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Dövlət Statistika Komitəsinə görə, 300 manat alan şəxslər varlı hesab olunur, amma onlara kredit verilmir:
“Əgər belədirsə, yəni varlı şəxslər (300 manat alanlar) bu krediti ala bilmirsə, bəs digər aşağı təbəqəli ailələr necə mənzil ala bilərlər? Xahiş edirəm bu məsələ nəzərə alınsın”.
Millət vəkili həmçinin tələbələrin təhsil almaq üçün xaricə göndərilməsi ilə bağlı dövlət proqramından danışıb:
“2007-2015-ci illər üzrə 5 min tələbənin xaricdə təhsil alması nəzərdə tutulsa da, bu rəqəm hazırda 50% təşkil edir. İxtisas seçimində də məhdudiyyətlər var. Məsələn, bizim Azərbaycanı xarici ölkələrdə təmsil edəcək hüquqşünaslara çox ehtiyacımız var. Xarici dilin öyrənilməsi ilə bağlı xüsusi dövlət proqramının qəbul edilmsinə də ehtiyac var”.