İlkin məlumatlara əsasən, 2014-cü ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1191,3 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 3,2 mln. manat və ya 0,3 faiz çoxdur.
Oxu.Az xəbər verir ki, DSMF-dən verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 4,2 mln. manat və ya 0,6 faiz yuxarı olmaqla 2013-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz və ya 70,1 mln. manat artaraq 664,7 mln. manat təşkil edib.
Məlumata görə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,7 faizi və ya 430,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.
“Qeyri-büdcə sektoru üzrə toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 14,6 mln. manat və ya 3,5 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,6 faiz və ya 51,6 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib və nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 12,4 faiz artıb.
2014-cü ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 234,6 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz və ya 18,5 mln. manat artıb, proqnoz isə 95,7 faiz icra olunub.
Sair gəlirlər üzrə daxilolmalar 1,5 mln. manat təşkil edib.
Dövlət büdcəsindən 525,1 mln. manat məbləğində transfert Fondun xəzinə hesabına köçürülüb”, - məlumatda deyilib.
Bundan əlavə, DSMF-in məlumatına görə, 2014-cü ilin yanvar-may aylarında fondun xərcləri 1187,3 mln. manat olub.
“Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1166,4 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 mln. manat və ya 15,2 faiz çoxdur. Pensiya xərcləri 2013-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 150,0 mln. manat artaraq 1138,6 mln. manat təşkil edib.
2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım (indeksasiya) tətbiq olunub.
2014-cü ilin yanvar-may aylarında əhaliyə 27,8 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 30,6 faizi hamiləliyə və doğuma görə, 27,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,3 faizi dəfn üçün, 25,0 faizi isə digər müavinətlərin payına düşür.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 20,9 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3 mln. manat və ya 12,4 faiz çoxdur”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az