Dünya bazarlarında neftin qiyməti bahalaşıb, amma bununla belə Brent markalı neftin qiyməti 55 dolları keçə bilməyib.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,33% artaraq bir barelə görə 54,64 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,27% bahalaşaraq 52,63 dollara satılıb.
“Report”un “Forexpf.ru” ya istinadən məlumatına görə isə ABŞ-da neft ehtiyatlarının 10-16 dekabr hesabat həftəsində gözlənilmədən artması “Brent” markalı neftin qiymətinin 55 dollar/bareli keçməsinə mane olub.
ABŞ-ın Energetika nazirliyi Energetika İnformasiyaları agentliyinin hesabatında ölkədə neft ehtiyatlarının 2,26 milyon barel və ya 0,47% artaraq 485,4 milyon barelə çatdığı bildirilir.
Benzin ehtiyatları 1,31 milyon bael və ya 0,57% azalaraq 228,7 milyon barel, distillat ehtiyatları isə 1,55% azalaraq 153,5 milyon barel olub.
Analitiklər hesabat həftəsində neft ehtiyatlarının 2,52 milyon barel azalacağını, benzin ehtiyatlarının 1,42 milyon barel artacağını, distillatların isə 1,15 milyon barel azalacağını proqnozlaşdırırdılar.
Hesabat həftəsində ABŞ-da neft hasilatı 10 min barel/gün və ya 0,1% azalaraq 8,786 milyon barelə geriləyib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə gündəlik hasilat 4,3% azalma göstərib.
“Report”un analitik qrupu neftin qiymətinin yaxın 3-6 ayda 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyini ehtimal edir. Neft qiymətlərində dəyişikliyin 2017-ci ilin II yarısında baş verəcəyi proqnozlaşdırılır.
U.A.
www.oxu.az