Azərbaycanda torpaqların ilkin qeydiyyatı ilə bağlı xərclər, torpaq kadastr planının hazırlanması sahənin ölçüsündən, sahə üzrə koordinatları təyin olunacaq nöqtələrin sayından və sahənin tərəfləri arasındakı məsafədən asılı olaraq 1250 manata qədər dəyişir.
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, torpağın alqı-satqı müqaviləsinin notarial təsdiqi üçün Bakı şəhərində 126,5 AZN, digər şəhər və rayonlarda 50,6 AZN tələb olunur.
“Dövlət Reyestr Xidmətinin xidmət haqqı – tikilinin sahəsinin həcmindən asılı olaraq 50-800 manat intervalında dəyişir. Tikilinin dövlət qeydiyyatı üçün müddət müraciət anından 20 gün ərzində təşkil edir”, - R.Ağayev deyib.
Ekspertin sözlərinə görə, daşınmaz əmlakın (həm torpaq, həm tikililər) Reyestr Xidmətində dövlət qeydiyyatı üzrə xərclər və müddətlər ilkin qeydiyyat ilə eynidir, fərq yalnız tələb olunan sənədlərin sayındadır. Təkrar qeydiyyatda (həm torpaq, həm tikililər) yalnız mülkiyyəti təsdiq edən çıxarış və texniki pasportlar tələb olunur.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının əsas problemi isə bundan ibarətdir ki, torpaqların kadastr planının hazırlanması olduqca uzun müddət tələb edir.
R.Ağayevin sözlərinə görə, tikililərin ilkin qeydiyyatı mərhələsində tələb olunan sənədlərin sayı xeyli çoxdur. Fərdi mənzillərdən fərqli olaraq biznes təyinatlı əmlak “vahid pəncərə” mexanizmi əsasında qeydiyyata alınmır. Dövlət qeydiyyatı üçün rüsum və xidmət haqlarının elektron ödəniş imkanı yaradılmayıb, belə ödənişlər üçün konkret banklar müəyyənləşdirilib. Sənədlərin təqdimatı üçün “online randevü” sisteminin olmaması vaxt itkisinə səbəb olur.
Ekspert təşkilatın qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı bunları təklif etdi:
Torpaq kadastrının online əldə edilməsi üçün elektron bazanın yaradılması prosesi başa çatdırılmalıdır.
Biznes təyinatlı daşınmaz əmlakın qeydiyyatının “vahid pəncərə” mexanizmi əsasında aparılması təmin edilməlidir.
Qeydiyyat orqanında vaxt itkisini aradan qaldırmaq üçün online növbələrin tutulması sistemi yaradılmalıdır.
Ödənişlərin elektron həyata keçirilməsi imkanı yaradılmalıdır.
Sahəsi 100 kvadratmetri ötməyən və kiçik-orta biznes təyinatlı tikililərin qeydiyyatı proseduru sadələşdirilməli, xüsusilə belə tikililərin qeydiyyatı üçün istismara qəbul aktının hazırlanması tələbi ləğv olunmalıdır.
Bu məsələ ilə bağlı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin rəhbəri Oktay Həsənov bildirib ki, yüklülüyə dair arayışın elektron qaydada əldə edilməsi prosedurunun tətbiqi Doing Business-in növbəti hesabatında Azərbaycanın mövqeyinin yüksəlməsinə təsir göstərəcək.
“Reyestr Xidməti artıq bir sıra prosedurların sayının azaldılması üzərində iş aparır və yaxın zamanlarda bunun şahidi olacağıq”, - O.Həsənov deyib.
Gülnarə Zeynalova
www.oxu.az