Milli Məclisin bu gün keçirilən iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, qanun layihəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının nümayəndələrinin sayının azaldılmasını, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayının isə artırılmasını nəzərdə tutur.
Belə ki, qanuna edilən dəyişikliklərə görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunacaq.
İndiyə qədər qüvvədə olan qanunvericiliyə əsasən, Fondun Himayəçilik Şurasında Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunurdu. Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirirdi. Dəyişiklikdən sonra Himayəçilik Şurası öz səlahiyyətlərini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.
Başqa tərəfdən, əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, dəyişiklik qəbul ediləcəyi təqdirdə bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.
L.Ə.