Cari il oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə qeydiyyatda olan fərdi sahibkarların ümumi sayı 1 milyon 435 min 420 nəfər təşkil edib.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, fərdi sahibkarların əksəriyyəti Bakı şəhərində cəmlənib - ümumi sahibkarların 26.1%-i və ya 374 min 573 nəfəri paytaxtda fəaliyyət göstərir.
Fərdi sahibkarların sayına görə növbəti yerlərdə Lənkəran-Astara iqtisadi rayonu (10.3%, 147 min 281 nəfər), Qazax-Tovuz iqtisadi rayonu (7.9%, 113 min 562 nəfər) və Mərkəzi Aran iqtisadi rayonu (7.2%, 103 min 70 nəfər), Qarabağ (91 min 9 nəfər, 6.3%), Gəncə-Daşkəsən (89 min 422 nəfər, 6.2%) və Quba-Xaçmaz (88 min 9 nəfər, 6.1%) iqtisadi rayonları da qeyd olunur.
Ən az fərdi sahibkar isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb - burada sahibkarların sayı cəmi 7 135 nəfərdir ki, bu da ümumi göstəricinin 0.5%-nə bərabərdir.