Azərbaycanın 2017-ci il üçün neft hasilatı proqnozu 40 mln. ton həcmində müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bunun 32,3 mln. tonu ABƏŞ (AÇG yataqlar bloku) və “Şahdəniz” konsorsiumlarının payına düşür. Bu il üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatı isə 7,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.
Azərbaycanda 2017-ci il ərzində 29,561 mlrd. kubmetr həcmində təbii qaz hasil olunacağı proqnozlaşdırılır.
Proqnozlara görə, bu il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 12 mlrd. 762 mln. kubmetr, “Şahdəniz”dən 10 mlrd. 9 mln. kubmetr qaz hasil ediləcəyi gözlənilir. Bu il üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qaz hasilatı proqnozu isə 6,8 mlrd. kubmetrdir.
2016-cı ildə ölkə üzrə 29 mlrd. 367 mln. kubmetr qaz hasil edilib, o cümlədən 6 mlrd. 267 mln. kubmetr SOCAR-ın, 12 mlrd. 426 mln. kubmetr AÇG-nin və 10 mlrd. 675 mln. kubmetri isə “Şahdəniz”in payına düşür.
Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə neft hasilatı 41,035 mln. ton, o cümlədən, ABƏŞ üzrə (AÇG yataqlar bloku) 31,02 mln. ton, “Şahdəniz” üzrə 2,5 mln. ton, SOCAR üzrə isə 7,5 mln. ton olub.
U.A.
www.oxu.az