Azərbaycanda 2027-ci ildə idxalın dəyərinin 19 milyard ABŞ dollarına (32.3 milyard manat) çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 300 milyon dollar (510 milyon manat) və ya 1.8 faiz, 2025-ci ilin faktiki göstəricisindən isə 900 milyon dollar (1.53 milyard manat) və ya 5 faiz çoxdur.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, idxalın artması Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının proqnoz göstəriciləri ilə bağlıdır.
İdxalın artması fonunda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 6 milyard 868 milyon manat daxilolma nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozundan 6 milyon manat, 2025-ci ilin faktiki göstəricisindən isə 498.1 milyon manat və ya 7.8 faiz çoxdur.
Gömrük daxilolmalarının əsas hissəsini idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisi təşkil edəcək. Bu istiqamətdə 4.7 milyard manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Məbləğ 2026-cı ilin proqnozundan 50 milyon manat və ya 1.1 faiz az, 2025-ci ilin faktiki göstəricisindən isə 377.7 milyon manat və ya 8.7 faiz çoxdur.
Bundan başqa, idxal olunan mallara tətbiq edilən aksizlər üzrə 240 milyon manat, gömrük rüsumları üzrə isə 1 milyard 867 milyon manat daxilolma proqnozlaşdırılır.
Sənəddə aksiz daxilolmaların artması bir sıra malların aksizli məhsullar siyahısına əlavə edilməsi ilə izah olunur. Gömrük rüsumları üzrə daxilolmaların artımında isə idxalın proqnozlaşdırılan həcminin mühüm rol oynadığı bildirilir.