"Yaxın Şərqdəki münaqişə enerji və nəqliyyat marşrutlarına öz mənfi təsirini göstərib, əmtəə və ərzaq qiymətlərində dalğalanmalar yaradıb. Məhz bu səbəbdən Beynəlxalq Valyuta Fondunun oktyabrda son qiymətləndirməsinə görə, qlobal iqtisadi artım ötən ilki 3.5%-dən bu il 3.1% səviyyəsinə enir, təkcə Yaxın Şərqdəki münaqişə bu göstəricini 0.4% bəndi azaldıb".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, orta müddətli dövrdə də dünya iqtisadiyyatının artım tempinin təxminən 3.2%, pandemiyadan əvvəlki artım tempinə, yəni təxminən 3.7%-ə qayıtması gözlənilmir ki, bu da hər birimizin qarşısında investisiya və bazarlar uğrunda kəskin rəqabət aparacağımızın göstəricisidir:
"Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyur. Qeyd edim ki, strategiya dövrünün yekunlarına baxsaq, cari ilin gözlənilən nəticələri də daxil olmaqla 2022-2026-cı illərdə ümumi daxili məhsul orta hesabla 2.7%, qeyri-neft-qaz sektoru üzrə isə 5.2% artacaqdır ki, bu da müəyyən edilmiş hədəfdən yüksəkdir".