"2024-cü ilin 11 ayının yekunlarına əsasən, aşkarlanmış maliyyə pozuntuları üzrə Hesablama Palatasının kollegiyası tərəfindən 51,7 milyon manatın müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində təklifər verilib".
Oxu.Az xəbər verir ki, bu barədə palatanın sədri Vüqar Gülməmmədovun "Milli Məclis" analitik informasiya jurnalında dərc olunmuş məqaləsində qeyd olunub.
Onun sözlərinə görə, maliyyə pozuntuları əsasən dövlət vəsaitlərinin idarə olunmasında yol verilmiş nöqsanlarla bağlı olub: "Aşkarlanmış pozuntuların bir hissəsi düzgün maliyyə uçotu və nəzarət mexanizmlərinin tətbiq edilməməsi səbəbindən baş verib. Bununla əlaqədar müvafiq qurumlara təkliflər təqdim edilib və həmin pozuntuların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilib".
Sədr qeyd edib ki, palata ötən il hüquq-mühafizə orqanlarına 8 material təqdim edərək, daha ciddi hüquqi tədbirlərin görülməsi üçün prosesə hüquqi çərçivədə dəstək verib.
"Görülən tədbirlər dövlət maliyyəsinin daha şəffaf və səmərəli idarə olunmasına töhfə verir. Eyni zamanda, pozuntuların qarşısının alınması üçün auditin nəticələri ilə bağlı parlamentə hesabat təqdim olunub. Hesabatda auditin nəticələrinin izlənilməsi, şəffaflığın artırılması və gələcəkdə belə halların təkrarlanmasının qarşısını almaq üçün konkret mexanizmlərin tətbiqi tövsiyə edilib", - deyə V.Gülməmmədov vurğulayıb.
Onun sözlərinə görə, palata dövlət sektorunda şəffaflıq və hesabatlılığı artırmaq məqsədilə fəaliyyətini davam etdirəcək, eyni zamanda, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın təmin edilməsi üçün mütəmadi maarifləndirici tədbirlər həyata keçirəcək.