"Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sisteminin əhatəsinin optimallaşdırılması şəraitində gömrük orqanları xətti ilə büdcə gəlirlərinin yığımı proqnozunun illər üzrə artan yekunla müəyyənləşdirilməsi təcrübəsinə yenidən baxılmalıdır. Yəni idxal yığımlarının timsalında fiskal yükü ölkəmizin gömrük sərhədlərində optimallaşdırmaqla vergi intizamına əməl edən rezidentlərimizin iqtisadi aktivliyinin daha da təşviqinə üstünlük verməliyik".
Oxu.Az xəbər verir ki, bu təkliflə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, idxalda ƏDV və gömrük rüsumları üzrə proqnoz göstəricilərin hesablanmasında milli iqtisadiyyatımızın əsas hədəfləri - yerli istehsalın və ölkədaxili iqtisadi aktivliyin stimullaşdırılması üçün güzəşt və azadolmaların genişləndirilməsi kimi konseptual yanaşmalar diqqət mərkəzində saxlanılmalıdır:
"2025-ci ilin gömrük orqanları xətti ilə büdcə gəlirlərinin icrası, o cümlədən, ƏDV üzrə 5,4%-lik, idxal gömrük rüsumları üzrə 3,7%-lik kəsirlər səsləndirdiyim təklifə baxılma zərurətini bir daha göstərir".
Digər təklifi səsləndirən sədr vurğulayıb ki, "Büdcə sistemi haqqında Qanun" daha çox dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir:
"Ümumən dövlət sektorunun maliyyəsi və onun idarə edilməsi təfəkkürünü özündə tam ifadə etmir. Hesab edirik ki, dövlət sektorunun aktiv və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri, iqtisadiyyatın sahələrinin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi ilə bağlı məlumatların "Büdcə sistemi haqqında" Qanunda təsbit edilməsi, bəzilərinin büdcə sənədləşməsinə daxil edilməsi faydalı ola bilər".
"Parafiskal ödənişləri (təkrar emal haqları, pullu yollar, üzvlük haqları və s.) toplayan təşkilatlar onlardan istifadə haqqında hesabat təqdim etməlidirlər. Dövlət qurumları bu vəsaitlərin səmərəliliyini təhlil və mümkün büdcənin yenidən bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edə bilər. Bu dəyişikliklər bir tərəfdən hesabatlılıq və şəffaflığı, digər tərəfdən isə büdcədə proqnozlaşdırılma institutunun etibarlılığını artırmış olardı", - deyə V. Gülməmmədov əlavə edib.