"INPEX 2003-cü ildən etibarən Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının tərəfdaşıdır və layihədə təxminən 10 faiz iştirak payına malikdir".
Oxu.Az xəbər verir ki, bunu Yaponiyanın ən böyük neft, təbii qaz kəşfiyyatı və hasilatı şirkəti olan INPEX-in Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı panel müzakirədə deyib.
O bildirib ki, Azərbaycan uzunmüddətli hasilat tarixinə malik enerji aktivlərinə sahibdir:
"Bu aktivlər fəaliyyət dövrünün daha yetkin mərhələsinə keçdikcə biz intizamlı idarəetmənin, əlavə dəyərin artırılmasının və əməliyyat mükəmməlliyinin əhəmiyyətini daha aydın şəkildə görürük. INPEX AÇG layihəsində iştirakı sayəsində inkişaf edib və biz də öz növbəmizdə dayanıqlı inkişafa töhfə vermək istəyirik. Bu layihə şirkətimiz üçün mühüm aktiv olaraq qalır və ən əsası, SOCAR, digər tərəfdaşlarımız və Azərbaycan hökuməti ilə qurulan uzunmüddətli etimadın təməlini təşkil edir. Perspektivdə biz Azərbaycanı yalnız uzun tarixə malik aktivlər bazası kimi deyil, həm də mühüm gələcək potensiala malik bir ölkə kimi görürük".
"Yeni layihələrdə iştirak etməklə xüsusilə qaz layihələrinin inkişafı, mövcud aktivlərin daha da təkmilləşdirilməsi və səmərəliliyi, eləcə də uzunmüddətli dayanıqlılığı artıran praktik həllərin tətbiqi vasitəsilə yeni inkişaf imkanlarını hədəfləyirik.
Azərbaycanla tərəfdaşlığımıza yüksək dəyər veririk və dayanıqlı, uzunmüddətli inkişaf üçün yeni imkanlar vasitəsilə bu münasibətləri daha da dərinləşdirməyə çalışırıq", - deyə vitse-prezident vurğulayıb.