“Xalq Sığorta” şirkətinin yanvar-noyabr ayları üzrə nəticələri məlum olub.
Oxu.Az xəbər verir ki, şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımlarının həcmi 2,1% azalaraq 9 milyon 410 min 176 manat olub. Ötən ilin eyni dövründə isə şirkət 9 milyon 612 min 474 manat sığorta haqqı toplayıb.
İlin əvvəlindən indiyə qədər illik dəfə olaraq sığorta şirkətinin yığımlarında azalma müşahidə edilməyə başlayıb. Şirkətin noyabr üzrə yığımları isə 509 min 218 manat təşkil edib.
Ödənişlər 29,2% artıb
“Xalq Sığorta”nın ödənişləri isə əksinə 29,2% artaraq 5 milyon 721 min 153 manat olub. Belə ki, ötən ilin eyni dövründə isə şirkətin ödəniş xərcləri 4 milyon 426 min 880 manat olub.
Sığorta ödənişlərinin 79%-i həm icbari, həm könüllü sığortası üzrə avtomobillərin təmir xərcinə yönəldilib. Şirkətin ötən ay üzrə ödəniş xərcləri ümumilikdə 606 min 93 min manat təşkil edib.
Şirkətin zərərliliyi artıb
Sığorta şirkətinin yığımlarının azalmağa başlaması və ödənişlərin artması şirkətin zərərliliyini artırıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” topladığı hər 100 manatdan 46 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 60,8 manat olub.
Əsas səbəb bank kreditləri və dollarla bağlıdır
Sığorta şirkətindən verilən məlumata görə, bank sektorunda yaranan durğunluq, xüsusilə də kreditlərin dayanması əlaqəli sığorta məhsullarının da satışlarına mənfi təsir göstərib.
Xüsusilə də könüllü sığorta növlərində satışlar nisbətən azalıb. Digər tərəfdən,dolların bahalaşması əlaqəli mal və məhsulların qiymətlərini xeyli artırıb.
Sığorta şirkətinin ödənişlərinin 80%-i demək olar ki, avtomobil sığortası ilə bağlıdır. Yəni, avtomobil ehtiyat hissələrinin bahalaşması sığorta şirkətinin də ödəniş xərclərini xeyli artırıb. Şirkətdən bildirilib ki, sadalan səbəblər zərərliliyin artmasına təsir göstərib.
U.A.
www.oxu.az