Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26% artıb
2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,7% çoxdur.
Məlumata görə, bunun 82,4%-i və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6%-i və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,8% və 25% çoxdur.
Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 13,1% artaraq 1218-ə çatıb. Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı 11,6% artaraq 1070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4% artaraq 148-ə çatıb.
Ötən il işğaldan azad edilmiş ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri 298,679 milyon manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274,772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23,908 milyon manat olub. Bu da, 2022-ci illə müqayisədə müvafiq olaraq 48,6%, 41,8% və 3,4 dəfə çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 2% azalıb, qeyri neft-qaz sektorunda isə 8% artıb.