2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.
Qeyd olunan dövrdə ölkədə faktiki qiymətlərlə 11 milyard 905.3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın 51 faizi bitkiçilik, 49 faizi isə heyvandarlıq məhsullarının payına düşüb.

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1.9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0.5 faiz artıb.
Kənd təsərrüfatında real artım tempi isə aşağı düşüb. Belə ki, yanvar-avqust aylarında 2.6 faiz təşkil edən ümumi artım göstəricisi sentyabrın sonuna 1.1 faizə enib.
Bitkiçilik sahəsində artım tempi 3.1 faizdən 0.5 faizə düşüb. Heyvandarlıq sahəsində isə bu göstərici 2 faizdən 1.9 faizə geriləyib.