Əmlak bazarına satış məqsədilə təklif olunan kommersiya obyektlərinin orta satış qiymətləri 2017-ci ilin I rübündə 1699 dollar/kv.m təşkil edib.
Oxu.Az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hesabatına istinadən xəbər verir ki, kommersiya obyektlərinin satış qiymətləri 2016-cı ilin IV rübü ilə müqayisədə 3.7% ucuzlaşıb.
Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox qiymət dəyişikliyinə “xidmət” təyinatlı obyektlər məruz qalıb. Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 4.3% azalaraq 1760 dollar/kv.m təşkil edib. Digər seqmentlərə gəldikdə isə, “mağaza” təyinatlı obyektlərdə qiymətlər 3.8% azalaraq 2483 dollar/kv.m, “boş yer” təyinatlı obyektlərdə qiymətlər 3.1% azalaraq 1851 dollar/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 0.9% azalaraq 1234 dollar/kv.m, “zirzəmi” və “sənaye” təyinatlı obyektlərdə isə qiymətlər müvafiq olaraq 3.0% və 2.5% azalaraq ayrı-ayrılıqda 526 dollar/kv.m və 504 dollar/kv.m bəndində qərarlaşıb.
Bahalı və ucuz kommerisya obyektləri
Yerləşməsindən, sahəsinin ölçüsündən və təmirliliyindən asılı olaraq ən baha qiymətə satışa təklif olunan “ofis” təyinatlı obyektlər, əsasən, Bakı şəhərinin Səbail, Nərimanov, Yasamal və Nəsimi rayonlarında qeydə alınıb. Bu rayonlarda ofislərin 1 kv.m-nin satış qiymətləri müvafiq olaraq 1773 dollar/kv.m, 1411 dollar/kv.m, 1418 dollar/kv.m və 1488 dollar/kv.m təşkil edib.
Nisbətən ucuz ofislər isə Nizami və Xətai rayonlarında qeydə alınıb, müvafiq olaraq 1063 dollar/kv.m və 1104 dollar/kv.m. Şəhər üzrə bahalı mağaza təyinatlı yerlər, ofis təyinatlı yerlərdə olduğu kimi, Səbail və Nəsimi rayonlarında yerləşir, 2105 dollar/kv.m-dən 2506 dollar/kv.m-ə qədər. Nisbətən ucuz qiymətə olan mağazalar isə Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Yasamal rayonun hər bir kvadrat metrinə görə kirayə 2005 dollar, Nərimanovda 1987 dollardır.
Xidmət təyinatlı kommersiya sahələrinə gəldikdə isə, ən bahalılar Səbail rayonunda (2015 dollar/kv.m), ən ucuzları isə Qaradağ rayonunda (645 dollar/kv.m) yerləşir.
Ən çox kirayə obyekti Nəsimi rayonundadır
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində rayonlar arasında əsas paya Nəsimi rayonu sahibdir. Rayonun kirayə bazarında payı 19 faizdir. Növbəti yerlərdə isə Xətai və Yasamal rayonları qərarlaşıb. Müvafiq olaraq 15% və 16%. Ən az təklif Qaradağ və Xəzər rayonlarında qeydə alınıb, ümumi təklif portfelinin 1%-i bu iki rayonun payına düşür.
Obyektlərin orta sahəsi artıb
Qeyri-yaşayış obyektlərinin orta sahəsi I rüb üzrə 174.6 kv.m təşkil edib. Bu da öz növbəsində ötən ilin IV rübü ilə müqayisədə 4.6% artım deməkdir. Sahənin artmasının əsas səbəbi kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Binəqədi rayonunda, Biləcəri qəsəbəsində, “restoran” təyinatlı xidmət sahəsi qeydə alınıb - 4700
kv.m.
Ən az sahəyə malik kommersiya obeykti isə Səbail rayonunun mərkəzində, “Torqovaya”
adlanan ərazidə qeydə alınıb.
L.Ə.