Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı vətəndaşlara olan sosial qayğının təntənəsidir.
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, fərman əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsində dövlətin növbəti sosial humanizmini nümayiş etdirir.
O qeyd edib ki, dövlət başçısının fərmanı həm də çox geniş və mühüm sosial təşəbbüs kimi qəbul edilməlidir:
“Fərmana əsasən, fiziki şəxslərə məxsus 10 min dollar məbləğində xarici valyutada olan əsas kredit borclarının həlli nəzərdə tutulub.
Belə ki, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarına yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Yəni burada vətəndaşların banklar qarşısında olan borclarının maliyyə yükünü dövlət üzərinə götürəcək.
Bu, çox mühüm göstəricidir, əhalinin, demək olar ki, böyük bir hissəsini əhatə edəcək. Bu, həm də dövlətin vətəndaşa olan sosial humanizminin ifadəsidir”.
A.Hüseynov qeyd edib ki, Azərbaycanın maliyyə imkanları yaxşılaşır, iqtisadiyyatda şəffaflığın təmin edilməsi əlavə gəlirlərimizin daxil olmasına səbəb olmaqdadır:
“Təkcə 2019-cu ilin ötən bir ayı ərzində dövlət büdcəsinə plandan əlavə 85 milyon manat vergi, 20 milyon manat məbləğində gömrük daxilolmaları təmin edilib. Bu, şəffaf iqtisadiyyat quruculuğunun mühüm nəticəsidir. Dövlət həmin gəlirləri birbaşa əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, onların sosial qayğılarının həllinə yönəldir.
Problemli kreditlərlə bağlı məsələnin tənzimlənməsi də bu siyasətin tərkib hissəsidir. Həmin vəsaitlər dövlət büdcəsinin vəsaiti hesabına qaytarılacaq ki, bu da ölkəmizin maliyyə qüdrətindən xəbər verir”.
İqtisadçı, millət vəkili Vahid Əhmədov isə qeyd edib ki, ölkədə birinci devalvasiyadan, 21 fevral 2015-ci il tarixindən sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib.
“İkinci devalvasiyadan, yəni 21 dekabr 2015-ci il tarixindən sonra artan hissə isə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib.
Yəni fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən, borcun artan hissəsinə güzəşt edirlər. Eyni zamanda, bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib.
Konkret olaraq, bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın.
Bank sisteminin kapitallaşması təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin. Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən ediləcək.
Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU