Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yeniliklərdən biri də, daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsinin on-layn həyata keçirilməsidir.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Oxu.Az-a verilən məlumata görə, Daşınmaz əmlakın təkrar qeydiyyatını maksimum dərəcədə sadələşdirən bu yenilik komitə tərəfindən istifadəyə verilən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” sayəsində mümkün olub.
Yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur.
Nəticədə alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb.
Yəni, alqı-satqıdan sonra vətəndaşların tərəfindən müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayıb. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi 1 dəfə – öz adına olan “çıxarışı” götürməyə gedir.
Bu yalnız əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçəcək.
Nəticədə, vətəndaş DƏDRX-ə cəmi bir dəfə - “çıxarış” götürməyə gedəcək. Bu yenilik daşınmaz əmlakın qeydiyyatını əhəmiyyətli dərəcədə sadələşdirmiş, qeydiyyat prosedurlarının sayını minimuma endirərək, vaxt itkisi və əlavə müraciətlərin aradan qaldırıb.
Bundan başqa, komitədən qeyd edilib ki, yeni sistem vasitəsilə qeydiyyatdan yayınmaq halları aradan qaldırılacaq.
Ülviyyə R. Əli
www.oxu.az