"Azad edilmiş ərazilərlə bağlı danışdıqda burada əsas açar söz dayanıqlılıqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, əsas məsələlərdən biri geri dönüş prosesinin iqtisadi planlaşdırılması və iş yerlərinin ardıcıllığıdır:
"Məqsəd illərlə evlərindən uzaq qalmış insanların sürətli və dayanıqlı şəkildə geri qayıtmasını təmin etməkdir. Bu məqsədlə hər bir şəhər üzrə xüsusi iqtisadi yanaşma tətbiq edilir və müxtəlif iqtisadi fəaliyyətlərin uğur potensialı nəzərə alınır. Preferensial kreditlər, sənaye parklarının yaradılması kimi tədbirlər həyata keçirilib. Burada əsas diqqət əlaqəlilikdir. Əsas məqsəd yollar, körpülər, üç hava limanı və rəqəmsal infrastruktur vasitəsilə ərazilərin əlçatanlığını təmin etməkdir. Yəni insanlar infrastruktura uyğunlaşmırlar, infrastruktur insanların geri dönüşünü təmin etmək üçün hazır vəziyyətdədir".