Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Harvard Kennedi Məktəbinin ekspertləri ilə Yevlax Pilot Aqroparkda olub
Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.
Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Müəssisələrlə keçirilən görüşdə Nazirliyin struktur bölmələrinin rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları da iştirak ediblər.
Aqroparkın rezidenti "ISFA" MMC tərəfindən 20 ha ərazidə meyvə bağının qurulması ilə bağlı görülən işlər barəsində məlumat verilib. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı gözlənilir. Bundan əlavə rezidentə məxsus 6 ha sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1.1 mln. manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması gözlənilir.
"Azerbaijan Company for Poultry Development" MMC-nin illik istehsal gücü 20 mln. ədəd damazlıq yumurta istehsalı layihəsi ilə tanış olunub. Layihənin reallaşdırılması ilə 27.1 mln. manat investisiyanın qoyulması və 32 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda dövlət tərəfindən 815 ha ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 ha sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.
Aqropark üzrə 1939 ha sahədə 33 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52 mln. manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29 mln. manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 ha ərazidə əkin işləri aparılıb, 409 ha sahədə meyvə bağları salınıb.
Yevlax Pilot Aqroparka baxış çərçivəsində Harvard Universitetinin ekspertləri ilə ölkəmizdə yaradılmış sənaye parklarının potensialı, alternativ enerji ilə bağlı layihələr və ekoparkların yaradılması imkanları müzakirə olunub. Ekspertlər ölkəmizə səfər çərçivəsində yaradılmış sənaye parklarının fəaliyyəti ilə də tanış olacaqlar.
Sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Gəncə və ətraf regionların sahibkarları ilə də görüş keçiriləcək.
"İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində Harvard Kennedi Məktəbinin ekspertlərini ölkəmizdə görməkdən məmnun olduq".
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşıb.
O bildirib ki, nümayəndə heyəti və həmkarlarla birlikdə Yevlax Pilot Aqroparkda fəaliyyət göstərən bir sıra müəssisələrin təmsilçiləri ilə görüşüb.
"Ekspertlərlə sənaye parklarının potensialını, alternativ enerji ilə bağlı layihələri və ekoparkların yaradılması imkanlarını müzakirə etdik", - deyə nazir qeyd edib.
İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində Harvard Kennedi Məktəbinin (@kennedy_school) ekspertlərini ölkəmizdə görməkdən məmnun olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 27, 2024
Nümayəndə heyəti və həmkarlarla birlikdə Yevlax Pilot #Aqropark-da fəaliyyət göstərən… pic.twitter.com/QOIl4eyVy0
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Mikayıl Cabbarov Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib
- Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub