Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Atlant” MMC-yə məxsus eyniadlı istirahət mərkəzi və “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində yoxlama keçirilib.
Oxu.Az xəbər verir ki, komitədən APA-Economics-ə verilən məlumata görə, sözügedən istirahət mərkəzlərində aparılan yoxlama zamanı standartların tələblərinə, sanitariya norma və qaydalara əməl edilmədiyi müəyyənləşib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin mətbəxləri ümumi vəziyyətinə görə QOST 30390-95 və SaN Pin 42-123-5777-91 normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur.
Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə aşkar olunub. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir.
“Malibu” istirahət mərkəzində aparılan araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunub. Həmçinin yemək hazırlanması üçün istifadə olunması nəzərdə tutulan düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma essensiyacının (sirkə), 2 litr həcmdə soya sousunun istifadə müddətinin bitdiyi müşahidə olunub.
Hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələri də məlum olub. Müəyyən olunub ki, yoxlanılan məhsullar təhlükəsizlik göstəricilərinə görə normativ sənədlərin tələblərinə uyğun deyildir. Belə ki, “Atlant” istirahət mərkəzində istehlakçılara təqdim olunan paytaxt salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, mimoza salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib.
“Malibu” istirahət mərkəzindən götürülmüş nümunələrdən kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri aşkar edilib.
Aşkar olunmuş qanun pozuntularla əlaqədar olaraq “Nişanə” MMC-yə məxsus «Malibu» istirahət mərkəzində “kələm” və “paytaxt” salatlarının hazırlanması və satışı, “Atlant” MMC-də çörəyin, “mimoza” və “paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilib.
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqlarının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.













www.oxu.az