Yanvarın 1-i 2015-ci il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz azalıb.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 2014-cü il ərzində ümumilikdə 257 min 752 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, yanvarın 1-i 2015-ci il tarixə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,1 faiz təşkil edib.
84 min 465 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 80,4 faizi borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 612,3 min manat borc məbləğini əhatə edən 955 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 68,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13 311 vergi ödəyicisinin 13,2 milyon manatdan çox borcu dövlət büdcəsinə ödətdirilib, 543 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi barədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
Nazirliyin hesabatında göstərilir ki, ümumilikdə 892 vergi ödəyicisi üzrə 33,2 milyon manat borc məbləğini əhatə edən materiallar araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.