Ötən il işəgötürənlər tərəfindən 20 417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkarlanıb.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə cərimələr tətbiq olunub. Cərimələrin 44,6%-i, yəni 1 milyon 915 347 manatı dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur.
Xatırladaq ki, aparılan təhlillər zamanı hüquq pozuntularının daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əməyin mühafizəsində, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar, texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. ilə bağlı olduğu müəyyən olunub.
Həmçinin belə halların əsasən özəl sektora aid müəssisələrdə, topdansatış və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal və tikinti sektorlarında baş verdiyi aydın olub. Qeyd olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyindən onların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilib.