Bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5671,7 mln. manat vəsait yönəldilib. Bu da əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,2% az vəsait deməkdir.
Oxu.Az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, vəsaitin 3663,5 mln. manatı neft sektoruna, 2008,2 mln. manatı isə qeyri-neft sektoruna, ümumi sərmayənin 73,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
İstifadə edilən vəsaitin 82,9%-i məhsul istehsalı obyektlərinin, 11,9%-i xidmət sahələri üzrə obyektlərin, 5,2%-i isə ümumi sahəsi 629,7 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,3%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,4%, bank kreditləri 12,0%, büdcə vəsaitləri 11,2%, əhalinin şəxsi vəsaitləri 4,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,5% təşkil edib.
L.Ə.