Bu ilin oktyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 96 040 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
Oxu.Az büroya istinadən xəbər verir ki, bunlardan 14 199 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.
Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 7 635 989 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21%, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilib.
Məlumat üçün bildirək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Noyabrın 1-nə qədər kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixə qədər qüvvədədir.
L.Ə.