2018-ci ilin yanvar-iyul aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 10 milyard 941,8 milyon manat olub. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,0 faiz artım deməkdir.
Bakı Statistika İdarəsindən Oxu.Az-a verilən məlumata görə, hesabat dövründə bazar və yarmarkalar üzrə pərakəndə ticarət dövriyyəsi illik əsasda 5,4 faiz artıb.
Bazar və yarmarkalarda 1 476,5 milyon manat dövr edib.
Bir istehlakçı bazarda ötənilkindən 32 manat çox xərcləyir
Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsində bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 32,5 manat daha çox vəsait xərcləyib.
Eləcə də, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,9 faiz artaraq, 4942,7 milyon manata bərabər olub.
Bakı əhalisi yeyib-içməyə üstünlük verir
Hesabata görə, istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 39,1 faizi ərzaq məhsullarının payına düşüb.
Xərclənən vəsaitlərdə içkilər və tütün məmulatlarının payı 6,1 faiz, toxuculuq məhsulları, geyim, ayaqqabıların payı 12,8 faizi, elektrik malları və mebelin payı 4,1 faiz, əczaçılıq və tibbi malların payı 2,1 faiz, avtomobil yanacağının payı 6,8 faizi təşkil edib.