“Azərpoçt” MMC son səkkiz gündə problemli kreditlərlə bağlı kompensasiya alan vətəndaşların sayını açıqlayıb.
Verilən məlumata görə, bu müddət ərzində 43 min 350 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.
Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri yeddi gün ərzində “Azərpoçt” MMC-dən 11 milyon 347 min 668 manat vəsaiti nağd formada alıb.
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.
Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq.
45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.
Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.
Samir İsayev