Rusiyadan Azərbaycan üzərindən dəmir yolu ilə daşınan ilk buğda partiyası artıq Ermənistana çatıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Geqam Papoyan bildirib.
Onun sözlərinə görə, yükün ilk partiyası "Ayrum" stansiyasına gətirilib: "Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb", - nazir vurğulayıb.
O bildirib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək.
Qeyd edək ki, hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və noyabrın 7-ə qədər Ermənistana çatacağı gözlənilir. Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqonla daşınır.
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.
Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.