Qızıl səviyyəli sertifikat Azərbaycan nümayəndəsinə təqdim edilib.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilir ki, Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur “Pricewaterhouse Coopers” auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb və həmin il üçün Yekun Sertifikasiya Səviyyələri Cədvəlini çap edərək, qalibləri rəsmi elan edib.
Nəticələrə görə, 199 ölkə arasında Azərbaycan və daha 4 ölkə qızıl, 2 ölkə gümüş və 1 ölkə bürünc səviyyə sertifikatı qazanıb.
Qeyd edək ki, bu Azərbaycan poçtunun EMS operatoru – “Azərekspresspoçt” Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.
Xatırladaq ki, qızıl səviyyəli sertifikat aprelin 22-də İsveçrənin Bern şəhərində keçirilən EMS Kooperativinin 18-ci Baş Assambleyasında təntənəli şəkildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Azərpoçt” MMC-nin məsul işçilərindən ibarət Azərbaycanın nümayəndə heyətinə ÜPİ-nin Beynəlxalq bürosunun baş direktoru Bişar Hussein və EMS Kooperativinin sədri cənab Patrik Rişon tərəfindən təqdim edilib.

Ülviyyə R. Əli
www.oxu.az