Azərbaycanda yollarında icazə verilmiş yük daşınması həddini aşan şəxslərə qarşı mübarizə bundan sonra da davam etdiriləcək.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin “85 saylı Yol İstismarı MMC”-nin nəzarət şöbəsinin rəisi Rəsul Hümbətov bildirib.
Onun sözlərinə görə, respublikanın ümumi istifadədə olan avotmobil yollarında ağırçəkili, iriqabaritli nəqliyyat vasitələrinin hərəkətinə nəzarət Azərbaycanın Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 saylı qərarına əsasən keçirilir.
“Həmin qərarda ölkənin yollarında hərəkət edən yük maşınlarının hər bir oxuna düşən yükün çəkisi reqlamentləşdirilir, parametrlər qeyd olunur. Bu sahədə nəzarəti həyata keçirmək üçün respublikanın hərəkətin daha çox intensiv olduğu bölgələrində “85 saylı Yol İstismarı” MMC-yə tabe olan 10 tərəzi postu quraşdırılıb.
Bakı – Quba – Rusiya sərhədi avtomobil yolunda üç postumuz yerləşir. Bu, əsas daş karxanalarının Gəndob, Quba ərazisində yerləşməsi, paytaxta ağırçəkili yüklərin həmin bölgədən gəlməsi ilə bağlıdır”.
R.Hümbətovun bildirdiyinə görə, həddən artıq çox yüklənən ağırçəkili yük maşınları ölkənin yol infrastrukturunu dağıdır, dövlət vəsaitləri hesabına salınmış yolların sıradan çıxmasına gətirir:
“104 saylı qərarda hər bir yük maşınının oxlarının sayına düşən yükün çəkisi konkret qeyd olunub. Lakin sürücülər bir çox hallarda icazə verilən həddən çox yük daşıyırlar. Məsələn, çox istifadə olunan “KamAZ” markalı avtomobillərin yüklə birlikdə ümumi çəkisinin 24 ton olmasına icazə verildiyi halda, belə maşınlara 30-35 ton yük vurulur”.
Şöbə müdirinin bildirdiyinə görə, postlarda həmçinin stasionar tərəzilər də var.
“Bu tərəzilərin vasitəsilə postlardan kənarda da yoxlamalar aparmaq mümkündür. İnşaat işlərinin intensiv aparıldığı ərazilərdə, daş karxanalarının girişlərində belə daşınan tərəzilər quraşdırılır. Yük maşınları nəzarətdən keçdikdən sonra əsas yollara buraxılır. Əgər yük həddi icazə veriləndən çox olarsa, yük bölünə bilən olduğu təqdirdə, bölünür, bir neçə maşına yüklənir. Əks halda, həmin yükün daşınması üçün yükgötürmə qabiliyyəti daha çox olan nəqliyyat vasitəsindən istifadə tələb olunur”.
“Hal-hazırda məlumdur ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də güclü inkişaf gedir. Yeni yollar çəkilir. Görülən tədbirlər ağırtonnajlı maşınlar tərəfindən yolların dağıdılmasının qarşısını almaq üçün edilir. Bundan başqa, həmin yük maşınlarının həddən artıq yüklənməsi onların özündə də problem yaradır - əyləc sistemi sıradan çıxır, maşının texniki göstəriciləri pozulur və bu da son nəticədə yollarda yük maşınlarının iştirakı ilə ağır qəzalara gətirib çıxarır”.
R.Hümbətov həmçinin vurğulayıb ki, qurum bu istiqamətdə maarifləndirici kampaniya da aparır:
“Təbii ki, qayda pozucularına qarşı protokollar tərtib olunur. Lakin biz yenə də sürücüləri maarifləndirməyə çalışırıq ki, belə hallara yol verilməsin, yüklənmə həddi aşılmasın. Məqsədimiz budur ki, istər hüquqi, istərsə də fiziki şəxslərin nəzərinə çatdıraq ki, bu istiqamətdə çox ciddi tədbirlər görüləcək. Karxana sahiblərinə qarşı protokolların tərtib olunması gözlənilir. Hüquqi şəxs tərəfindən yüklənmə həddinin aşılmasına görə cərimələr yazılacaq. Bir müddət əvvəl biz, Bakının Qaradağ rayonu ərazisindəki karxanalara müraciət etdik. Orada 50-dək sahibkar, xeyli sayda sürücülərlə bu istiqamətdə maarifləndirici görüş keçirdik, onları icazə verilən yük həddinin aşılmasının gətirib çıxara biləcəyi fəsadlar barədə məlumatlandırdıq”.