Səudiyyə Ərəbistanı şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla, 47 məhkumu terrorçuluq ittihamı ilə edam edib. Bundan sonra, İran rəhbərliyi Səudiyyə Ərəbistanına etirazını bildirmiş, nəticədə tərəflər arasında münasibətlər kəskinləşmişdi. Sözsüz ki, bu, birjalarda neftin qiymətinə təsirsiz ötüşə bilməzdi.
Oxu.Az bu məsələ ilə əlaqədar Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.
İ.Şaban təsdiq edib ki, tərəflər arasında münasibətlərin gərginləşməsi qiymətlərə təsir edib:
“Son 48 saat ərzində neftin qiymətlərinə nəzər yetirsəniz, qiymətlərin sınıq xətlə qalxıb-endiyinin şahidi olarsınız. Bu isə onunla əlaqədardır ki, bazara bir-neçə faktor öz təsirini göstərir.
Birincisi, Körfəz ölkələrindən gələn və digər məlumatlar birjalara qığılcım kimi təsir edir. Qiymətlər bahalaşır. Hazırda tərəflər arasında münasibətlər gərginləşib. Ancaq bundan sonra bilmək lazımdır ki, bu, neft hasilatına necə təsir göstərəcək.
Hörmüz körfəzində İran Səudiyyə Ərəbistanı tankerləri üçün hər-hansı təhlükə yarada bilərmi? Bu məlumatlar öz təsdiqini tapmadıqdan sonra qiymətlər enməyə meyilli olur. Necə ki, qiymətlər 38,08 dollara qədər yüksəlmişdi, ancaq birdən-birə qiymətlər 36,95 dollara qədər enməyə başladı”.

Onun sözlərinə görə, neftin qiymətinə Çindən gələn xəbərlər də təsir edib:
“Qiymətlərə təkcə Səudiyyə Ərəbistanı ilə İran arasında olan gərginlik təsir etmir. Dünən həm də, Çin ilə bağlı bədbin statistika açıqlandı. Bu ölkədə nə baş verirdi? Çinin valyutası yuan yenidən dollar qarşısında dəyər itirdi. Bu isə yuanın 2011-ci ildən bu yana ən aşağı həddi idi.
Çinin statistikasına görə, son 10 ayda daxili istehsal və sənayedə enmə tempi davam edib. Bu isə bazar üçün o deməkdir ki, dünyanın ən böyük enerji istehlakçısının enerjiyə tələbatı azalıb və növbəti dövrlər üçün bu ölkəyə əvvəlki illərlə müqayisədə neft-qaz gərək deyil. Bu isə bazar üçün şpk effekti yaratdı. Ona görə də neftin qiyməti aşağı düşdü.
Birjada neftin qiymətləri çox kəskin arta bilərdi. Biz bunun “Ərəb baharı” zamanı da şahidi olmuşduq. O vaxt analitiklər deyirdilər ki, neftin real qiyməti 80 dollardır. Ancaq “Ərəb baharı”nın təsiri nəticəsində neft öz real qiymətindən 20 dollar baha satılır.
Ən böyük enerji istehlakçılarının pozitiv statistikaları açıqlanırdı. Bu isə neftin qiymətini daha 10 dollar da artırırdı. Bunun nəticəsində, neftin qiyməti 4 il təqribən 100 dollardan yuxarı satıldı”.
O bildirib ki, bu gün neftin qiymətlərini tənzimləyən münaqişələr deyil, real iqtisadiyyatdır:
“Hazırda dünya iqtisadiyyatı daha çox qloballaşıb. Müharibə səviyyəsinə keçməyən münaqişələr, eləcə də, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında müharibə, İŞİD-in apardığı müharibə və Suriyadakı münaqişələr bazara həddindən artıq cüzi təsir edir. Buna görə də hazırda neftin qiymətini tənzimləyən mexanizm real olaraq iqtisadiyyatdır, münaqişələr deyil.
Əsasən, xammal ölkələr neftin qiyməti kəskin endikdə, cəmiyyəti çaşdırmaq və özlərini toparlamaq üçün münaqişəyə meyilli olurlar. Bu, mənim fikrim deyil, ümumən xammal ölkələrinin psixologiyasının təhlili bunu sübut edir.
Bilirsiz ki, Səudiyyə Əərbistanı bir ildə 200 milyard dollar itirib və ötən il 87 milyard dollar büdcə kəsiri olub. Hətta onu da qeyd etmək lazımdır ki, ABŞ şiə ruhani lideri ilə bağlı Səudiyyə Ərəbistanına əvvəlcədən bildirmişdi ki, belə bir addım atmasın. Ancaq ərəblər bunu etdilər. Şiə ruhani edam edildi. İran isə ona adekvat olaraq, öz imkanlarını ortaya qoymaq istəyir”.
Mütəxəssis onu da əlavə edib ki, 2016-cı ilin II yarısından neftin qiymətləri 50 dollar ətrafında tarazlaşacaq.
Ülviyyə R. Əli
www.oxu.az