“Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3% və milli valyuta üzrə 12% olmaqla 3 il müddətində tam sığortalanır”.
Oxu.Az “Marja”a istinadən xəbər verir ki, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov hesab edir ki, sığortalanan manat əmanəti üzrə faizin yuxarı həddi 12%-dən də yuxarı olmalıdır.
“Manata inamı bərpa etmək, əlavə vəsaitlər cəlb etmək üçün sığortalanan manat əmanətləri üzrə faiz dərəcəsi 12%-dən də yüksək olmalıdır”, - deyə T.Kazımov bildirib.
Bankın sədri əlavə edib ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 7%-dən də yuxarı qaldırmalıdır:
“Fikrimcə, uçot dərəcəsi 7%-dən də yuxarı qalxmalıdır. Bu depozit faizlərinin də qalxmasına səbəb olacaq. Sözsüz ki, bu kreditlərin bahalaşması ilə nəticələnə bilər. Nəzərə alaq ki, iki devalvasiyadan sonra bazara stabillik lazımdır.
Qeyri-stabil şəkildə yeni investisyaların cəlbi bir az çətindir. İndi mövcud olan bizneslərə dəstək, onlara dövriyyə vəsaitləri vermək lazımdır.
İki devalvasiyadan sonra əhalinin alıcılıq qabiliyyəti düşüb, şirkətlərin dövriyyə vəsaitləri isə təxminən ikiqat azalıb, xərcləri isə demək olar ki, eyni səviyyədə qalıb. Onlara xərclərini bağlamaları üçün dövriyyə vəsaitləri vermək lazımdır”.