Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sistem əhəmiyyətli bank nədir və onların meydana gəlməsi normaldırmı?
Pərviz Heydərov yazır...
Məlum olduğu kimi Mərkəzi Bank (AMB) tərəfindən hansı bankların sistem əhəmiyyətli olduğuna dair yeni meyarlar açıqlanıb. Belə ki, adıçəkilən qurumun İdarə Heyətinin 19 mart 2025-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilən "Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları" aprelin 9-dan qüvvəyə minib.
Hətta, adları ictimaiyyətə onsuz da bəlli olan həmin bankların sırası da qeyd edilib.
Yeri gəlmişkən, ölkədə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər müvafiq qanunvericiliyə 2017-ci ildə daxil edilərək ilk meyarlar da 2019-cu ildə təsdiq olunub tətbiq edilməyə başlanıb.
Yeni meyarların fərqi isə ondan ibarətdir ki, bankın sistem əhəmiyyətliliyini müəyyən edən indikatorların çəki dərəcələri dəyişdirilib, sayı artırılıb və hesablama metodologiyası təkmilləşdirilib.
Belə ki, sistem əhəmiyyətli bank bundan sonra təkcə onun aktivlərinin həcmi ilə deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsi üzrə də müvafiq göstəricilər nəzərə alınmaqla müəyyən ediləcək.
Başqa sözlə, yeni ölçü göstəriciləri sırasına depozit portfelinin həcmi, əvəzolunmazlıq üzrə bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankomatların, xidmət göstərilən POS-terminalların, habelə filialların sayı daxil olunub ki, bütün bunlar da real olaraq nəzərə alınması vacib sayılan amillərdir.
Ümumiyyətlə, belə bankların mövcud olması və yaxud meydana gəlməsi normaldırmı? Bu, nə dərəcədə qanunidir?
AMB-nin sözügedən sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarların təsdiqlənməsinə dair açıqlamasında bildirilir ki, bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük demək deyil.
"Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir", - deyə açıqlamada qeyd olunub.
Ancaq hesab edirəm ki, bu, çox səhv yanaşmadır. Sual olunur, niyə?
Ölkədə hazırda sayca 22 bank fəaliyyət göstərir. Keçən il ölkədə üç bankın həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmə səviyyəsi artıb. Belə ki, 2023-cü illə müqayisədə həmin üç bankın kredit portfeli üzrə bazar payı 1.7% bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 % bəndi artaraq 67.4% təşkil edib. Aktivlər üzrə ən böyük üç bankın bazar payında isə nəzərəçarpan dəyişiklik baş verməyib (63%).
Və yaxud da digər rəqəmlərə nəzər salaq. Ölkədə bankların aktivlərinin həcmi 2025-ci ilin ilk rübündə təqribən 3.5% artımla 54 milyard 855.6 milyon manata yüksəlib ki, renkinqə 14 milyard 330 milyon manatla ABB liderlik edir. Belə ki, hazırda ABB-nin ümumi bazar payı aktivlər üzrə 26 % təşkil edir. İkinci sıradasa 12 milyard 448 milyon manatla "Kapital Bank" ASC dayanır. Üçüncü sırada isə 8 milyard 242 milyon manatla "PAŞA Bank" ASC.
Ümumilikdə bank sektoru üzrə təmərküzləşmə göstəricisini, yəni 22 bank sırasında cəmi 3-4 bankın sistem əhəmiyyətli bank olmalarını diktə edən daha bir statistika isə istehlak kreditləri ilə bağlıdır. Belə ki, 2025-ci il aprelin 1-nə, istehlak kreditləri portfeli üzrə ilk sırada 3 milyard 6.6 milyon manatla "Kapital Bank" qərarlaşıb ki, adıçəkilən qurumun bu sahədə malik olduğu göstərici ilin əvvəlindən 2.3% artıb. İkinci yer, 1 milyard 868.9 milyon manatla ABB-yə (artım: 3.9%), üçüncü yersə 612.7 milyon manatlıq portfellə "Unibank"a məxsusdur.
Göründüyü kimi, qeyd olunan göstəriciyə görə də adları çəkilən banklar demək olar, eynidir. Belə şəraitdə bütövlükdə ölkənin bank sektorunu sağlam vəziyyətdə saymaq olarmı? Sözsüz ki, yox!
Hesab edirəm ki, xüsusən maliyyə sektorunda sistem əhəmiyyətli qurumların meydana gəlməsi heç də yaxşı hal deyil və bu, tibbi dildə desəm, ilkin variantda "xoşxassəli şiş" kimi xarakterizə edilməlidir. Bu cür törəmələrin isə hər an "xərçəngə çevrilmə" şansı və təhlükəsi mövcuddur.
Necə ki, məlum 2014-2015-ci il böhranı nəticəsində ABB ciddi problemlərin yaranmasına səbəb ola bilərdi. Çox maraqlıdır ki, bundan biz niyə hələ də dərs götürməmişik?
Yeri gəlmişkən, xatırladım ki, qeyd olunan illər ərzindəki böhran nəticəsində ortaya çıxan daha bir problem, problemli kreditlər məsələsi də yalnız, məhz ölkə başçısı müdaxilə etdikdən sonra həll edildi. Sual yaranır ki, bütün bunları biz, niyə unutmuşuq?
AMB-nin sözügedən açıqlamasında yazılıb ki, sistem əhəmiyyətli bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında məsuliyyəti artıq olur. Bu isə belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Sual olunur, bu, həqiqətənmi belədir? Faktiki olaraq, xeyr. Niyə?
Çünki sözügedən banklar dövlətə arxalanırlar və hətta, dövlətdən lazım gəldikdə dəstək də görürlər. Belə olduğu halda hansı məsuliyyətdən söhbət gedə bilər axı?
Bəlli olduğu kimi, 24 aprel 2025-ci il tarixidə Maliyyə Nazirliyi büdcə vəsaitlərini daha səmərəli idarə etmək məqsədilə vahid xəzinə hesabında milli valyutada olan sərbəst qalığı yerli banklarda depozitə yerləşdirmək üçün depozit hərracı keçirib.
Hərracın nəticəsinə əsasən, vahid xəzinə hesabında 500 milyon manat həcmində olan sərbəst qalığı kapitallaşma və aktivlərin məbləğ səviyyəsinə görə ölkənin ən iri 5 bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Məsələ bundadır ki, bu, Maliyyə Nazirliyi tərəfindən keçirilən sayca ikinci hərrac idi. İlk belə hərrac isə 11 apreldə keçirilmişdi. Həmin hərracın nəticəsinə görə, vahid xəzinə hesabının 1 milyard manat sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdi.
Bəli, adıçəkilən nazirliyin sözügedən addımını dövlət büdcəsi vəsaitləri üzrə sərbəst qalıqların əlavə gəlir gətirmək və daxilolmalar formalaşdırmaq baxımından müsbət qiymətləndirmək lazımdır. Bu, böyük əhəmiyyətə malikdir və alqışlanmalıdır.
Lakin, göstərilən məbləğdə vəsaitlərin məhz sistem əhəmiyyətli banklarda yerləşdirilməsi həmin banklara dövlət dəstəyi xarakteri daşımırmı? 1.5 milyard manat vəsait məgər, 4-5 deyil, heç olmasa sayca 10-15 bank arasında bölüşdürülərək yerləşdirilə bilməzdimi?
Təbii ki, yerləşdirilə bilərdi. Ancaq bu, istənilən effekti verə bilməz axı, həm də təhlükəli xarakter daşıya bilər. Çünki 22 bankdan 5-6-sı istisna olmaqla, digərləri potensial risk altındadır.
Düzdür, AMB bəyan edir ki, bank sektoru üzrə təmərküzləşmə daim diqqətdə saxlanılır. Məsələn, məcburi ehtiyat normaları üzrə yeni qaydaların tətbiqi, yəni, iri, təmərküzləşməyə meyilli bankların daha çox məcburi ehtiyatlar yaratmalı olduqları tələbi həqiqətən, həmin bankların xərclərini artırıb.
Lakin, təkcə bu kimi addımlar sektor üzrə bazar göstəricilərinə və rəqabət vəziyyətinə müsbət təsir göstərə bilməz! Ümumiyyətlə, ölkənin bank sektorunda təmərküzləşmə prosesi qarşısında çoxsaylı maneələr yaratmadan, müvafiq sədlər çəkmədən, onların likvid şəraitinə əlavə dəstək həyata keçirməklə bazarda konsentrasiyanın artması, effektiv rəqiblərin sayının azalması, bazara giriş üçün yaradılan maneələrin və innovasiyalara stimulun azalması kimi mənfi nəticələrin qarşısını da almaq mümkün deyil və ola da bilməz.
"Pərviz Heydərov" teqi üzrə xəbərlər
- Qlobal ticarət müharibəsi Çin-Azərbaycan əməkdaşlığına əlavə töhvələr verəcək
- Neftin qiyməti düşür, hökumət isə nikbindir
- Texnoloji inkişafın "işsiz" qoyduğu heyvanlardan necə gəlir əldə etmək olar? - ARAŞDIRMA
- Yerli istehsalı inkişaf etdirmək üçün Tramp siyasətindən istifadə etməliyik
- Cari ilin ilk üç ayı başa çatdı: İlin qalan dövrü ərzində bizi nələr gözləyir?