Ötən il güclü yanğının baş verdiyi “Bulla-dəniz” yatağında yeni 122 saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulub.
Oxu.Az SOCAR-ın məlumatına istinadən bundan xəbər verir.
Məlumata görə, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.
3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək.
Məlumatda deyilir ki, özül ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 6 ədəd dizel elektrik generatoru quraşdırılacaq, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
SOCAR özüldən sutkada 450 ton kondensat və 2 milyon 400 min kubmetr qaz hasil ediləcəyini bildirir.
Qeyd edilir ki, özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.