Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) keçən ilin IV rübündən beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmə prosesinə başlayıb.
Bu məqsədlə şirkət 5 aydır işçilərin kənardan işə qəbulunu dayandırıb. Aparılan islahatlar şirkətin 7 222 nəfər işçisini əhatə edib. Onlardan 6 418 nəfəri (89%) artıq işlə təmin olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, şirkətin Geofizika və geologiya, Neft kəmərləri, Sosial inkişaf, Qaz ixracı idarələri, Kompleks Qazma İşləri Tresti və “Azneft” İB-nin müəssisələrində aparılan struktur dəyişiklikləri nəticəsində baş verib:
“533 nəfər əməkhaqqının 5 misli məbləğində müavinət almaqla, başqa fəaliyyət sahələrinə keçib. 108 nəfər bu müəssisələrin ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun təmin olunmasına dair proqrama qoşulub, 163 nəfər proqrama qoşulmaqdan imtina edib. Proqrama qoşulmuş 108 nəfər isə 1 il ərzində əmək haqlarının 50%-ni alacaq və bu şəxslərə ikinci ixtisas veriləcək”.
X.Məmmədov əlavə edib ki, bu yaxınlarda 43 vakansiya üzrə müsabiqə keçiriləcək. Artıq 64 nəfər bu vakansiyalarla bağlı müraciət edib. Ümumilikdə, hazırda SOCAR-da 3 098 vakansiya mövcuddur, şirkətlərin işçilərinin ümumi sayı isə təxminən 60 077 nəfərdir.
Şirkətin vitse-prezidenti xüsusi vurğulayıb ki, ən çox ixtisara düşən məmur kateqoriyasına aid olan işçilər olub və onlar üzrə həmin göstərici təxminən 70-80% olub, halbuki öncə onların ümumi sayı 18 min idi. Sosial idarə kateqoriyasına aid işçilərin sayı isə 60% azalıb.