"Azərbaycan Xəzər hövzəsindəki qonşularını özünün enerji infrastrukturundan istifadəyə dəvət edir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında bildirib.
O vurğulayıb ki, Azərbaycanın enerji sahəsində Avropa bazarlarına çıxışı üçün böyük potensialı var:
"Çünki o, strateji mövqedədir və Avropa bazarlarına çıxışı var. Mən, həqiqətən, inanıram ki, bu sahədə kifayət qədər işlər görməyə ehtiyac duyulur".
SOCAR rəsmisi bildirib ki, Xəzər dənizində su səviyyəsinin enməsi həm Azərbaycan, həm də Qazaxıstan üçün böyük problemdir:
"Ona görə də birlikdə işləmək və bu problemlər üçün ortaq həllər tapmaq vacibdir".
B.Hüseynov qeyd edib ki, Azərbaycan energetika sahəsində mühəndislər vətənidir:
"Ölkədə energetika sahəsi ilə bağlı bir çox kitablar yazmış xarici mütəxəssislər var. Lakin bu insanlar artıq təqaüdə çıxırlar. Düşünürəm ki, bu bizim üçün ən böyük çağırışdır. Onların ardınca gələn insanlar olsa da, onlar karyera imkanlarını Azərbaycandan kənarda tapırlar. Ona görə də bu bizim üçün böyük çətinlikdir. Biz istərdik ki, azərbaycanlılar, vətəndaşlarımız SOCAR-da işləsinlər".