“Petkim Petrokimya Holding A.Ş.”-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.
Oxu.Az APA-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyilir.
V.Əliyev əlavə edib ki, “SOCAR Türkiye” isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.
“SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik”, - deyə V.Əliyev bildirib.
11:16
SOCAR “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev APA-a açıqlamasında deyib ki, S.Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib:
“Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq”.
N.Quliyev əlavə edib ki, “SOCAR Turkey Energy” şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var:
“Onlardan birinin şikayəti əsasında “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.
10:37
“Petkim Petrokimya Holding A. Ş.”-ə yeni rəhbər təyin olunub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, holdinqin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub.

A.Məmmədov, eyni zamanda SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəridir.
Qeyd edək ki, “Petkim Petrokimya Holding A. Ş.” neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut Fətullah Gülənlə əlaqədə ittiham edilərək saxlanılıb.
Ülviyyə R. Əli
www.oxu.az