Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) anomal yüksək təzyiq nəticəsində qazın idarə olunmayan fontanının baş verdiyi Bulla-Dəniz offşor yatağındakı 90 saylı kəşfiyyat quyusunda yanğını qəsdən törədib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev qaz fontanında yaranmış yanğının mənfi nəticələrdən qaçmaq üçün şirkət tərəfindən törədildiyini bildirib.
“Fontan yanmasaydı, güclü partlayış baş verə bilərdi” – deyə, R.Abdullayev bildirib.
Onun hesablamalarına görə, hər gün 2,5-3 milyon kubmetr qaz yanır ki, bu da bir müddət əvvəl Azəri-Çıraq-Günəşli neft yataqları blokunda yandırılan qazın sutkalıq həcmindən (6-7 milyon kubmetr) azdır.
“Biz quyunu batırmaqla oradakı yanğını söndürə bilərdik, lakin bu, Bulla-Dəniz yatağının sonu demək olardı. Lakin biz quyunu və yatağı xilas etməyə çalışırıq” – deyə, Abdullayev qeyd edib.
Onun sözlərinə görə, bu gün quyuda qəzanın aradan qaldırılmasının ikinci mərhələsi keçirilir.
Xatırladaq ki, qəza avqustun 18-nə keçən gecə, quyunun 5868 metr dərinliyində baş verib. Hələlik Bulla-Dənizin ehtiyatları 17 milyard kubmetr qaza bərabər hesab edilir.