Xəbər verdiyimiz kimi, bu gün səhər saat 10:00-dan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışına başlanılıb.
Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı avqustun 7-də, saat 10:00-dək davam edəcək.
Satışa 260 mənzil çıxarılıb. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunub.
Mənzillərin qiymətlərinə gəlincə, müzakirə mövzusu olaraq qalır, güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.
Belə ki, birotaqlı mənzilin qiyməti 29925 manatdan, iki otaqlı mənzilin satış qiyməti 47282 manatdan, üç otaqlı mənzilin qiyməti 65626 manatdan başlayır.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda illik faiz dərəcəsi 4%, müddəti 3-30 il, minimal ilkin ödəniş 10% olmaqla, birotaqlı mənzilə 129-136 manat, ikiotaqlı mənzilə 203-236 manat, üçotaqlı mənzilə 282-288 manat aylıq ödəniş etməlidir.
Mənzilə güzəştli şərtlərlə ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyənlər isə bütün məbləğə əlavə 10% endirim əldə edəcəklər.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satış qiyməti belədir: birotaqlı mənzil 26932 manat, ikiotaqlı mənzil 42554 manat, üçotaqlı mənzil 59063 manat.
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, mövcud qaydalara əsasən, ilk müraciət edənlər mənzilə sahib ola biləcəklər:
“Bu gün satışa ilk 260 mənzil çıxarılır. Ən çox müzakirə edilən məsələlərdən biri də mənzillərin qiyməti ilə bağlıdır. Belə ki, ƏDV daxil olmaqla birotaqlı mənzillərin qiyməti – 29 925 manatdan, ikiotaqlı mənzillərin qiyməti – 47 282 manatdan, üçotaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq.
Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər birotaqlı mənzil üçün 129-136 manat, ikiotaqlı mənzil üçün 203-236 manat, üçotaqlı mənzillər üçün isə 282-288 manat olacaq”.
Ekspertin sözlərinə görə, mənzillərin qiyməti həmin ərazidə yerləşən analoji mənzillə müqayisədə aşağı olsa belə, hökumətə sosial mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı təkliflər təqdim ediblər:
“Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibarilə qiymətin aşağı düşməsinə gətirib-çıxaracaq.
Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Odur ki, biz xərcin üçdə birinin dövlət tərəfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır.
Bu halda birotaqlı mənzilin qiyməti 19950 manata, ikiotaqlı mənzilin qiyməti 31521 manata, üçotaqlı mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla birotaqlı mənzil üçün 87 manata, ikiotaqlı mənzil üçün 147 manata, üçotaqlı mənzil üçün isə 188 manatadək azala bilər.
Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər. Neftin mövcud yüksək qiymətləri fonunda ölkə gəlirlərinin artıdığını nəzərə alsaq, bu subsidiya üçün maliyyə mənbəyinin tapılması çətin deyil”.
L.Ə.
www.oxu.az