"Bir çox kredit büroları qeyri-ənənəvi məlumat mənbələrini öz sistemlərinə inteqrasiya etməyə başlayıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.
O bildirib ki, elektron pul əməliyyatları, müştərilərin elektron ticarət davranışları, icarə və kommunal ödənişlər və s. alternativ məlumatlar kredit əlçatanlığı baxımından yeni və daha geniş imkanlar yaradır:
"Bu, istər əhalinin kreditlərini, istərsə də fərdi sahibkarlar da daxil olmaqla mikro, habelə kiçik, orta və iri sahibkarlıq subyektlərinin biznes kreditlərini ehtiva edir".
Toğrul Əliyev vurğulayıb ki, son dövrlərdə daha da sürətlənmiş maliyyə xidmətlərinin rəqəmsallaşması məsafədən işgüzar münasibətlərin yaradılmasının və maliyyə əməliyyatlarının icrasının əhəmiyyətini artırıb:
"Əlbəttə, bu dəyişiklik şəxsiyyətin eyniləşdirilməsi və bununla əlaqəli risklərin azaldılması baxımından yeni çağırışlar yaradıb. Ancaq nəzərə alınmalıdır ki, bu yeniliklər biznes subyektlərinin maliyyə hesabatlığına rəqəmsal çıxış imkanlarını da əhəmiyyətli şəkildə təşviq edib. Hesab edirəm ki, bu kontekstdə kredit büroları rəqəmsal müştəri uyğunluğu tədbirləri infrastrukturunun qurulmasında və öz müştərini tanı prinsiplərinin daha effektiv tətbiqi baxımından mühüm rol oynaya bilər. Onlar elektron hökumət sistemləri çərçivəsində mövcud olan identifikasiya və müxtəlif hesabatlıq bazaları ilə inteqrasiya edilərək real vaxt rejimində şəxsiyyətin təsdiqi və autentifikasiya xidmətləri ilə paralel, biznes subyektlərinin maliyyə hesabatlığı əsasında çevik təhlil xidmətlərini təqdim edə bilərlər".
Onun sözlərinə görə, məlumdur ki, süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar vermək imkanlarını hədəfləyir:
"Bu, risklərin daha təfərrüatlı seqmentləşdirilməsinə, kredit qərarlarının daha sürətli verilməsinə və qeyri-standart məlumatların modellərə daxil edilməsinə imkan verir. Lakin bu texnologiyalar maliyyə sektoru üçün fürsətlərlə yanaşı, tənzimləyici orqanlar üçün məsuliyyət də formalaşdırır. Belə ki, süni intellektdən istifadə effektivliyi və inklüzivliyi artırsa da, model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlər müəyyən narahatlıqlar yaradır. Bu baxımdan, hazırkı konfransda müzakirə olunacaq potensial məhsulların xüsusiyyətləri bütün nəzarət orqanları üçün olduğu kimi, bizim də maraq dairəmizə daxildir".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif