Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra, Rusiya iqtisadiyyatın bir çox sahələrində bu ölkə ilə olan əlaqələrində dəyişiklik edib.
Belə ki, Rusiyanın aparıcı tur şirkətlərindən hesab edilən “Natali Tours” artıq Türkiyə istiqamətində səyahətləri dayandırıb. Bundan başqa, Rusiya mətbuatında iqtisadçı-ekspertlər çıxış edərək bildirirlər ki, yaranmış vəziyyətdən Türkiyə tərəfi uduzacaq.
“Türkiyənin zərərini əks etdirəcək gözlənilən rəqəmlər yüz milyonlarla dollardır. Rusiyalı turistlər hər il Türkiyədə 3 milyard dollara yaxın pul qoyurdular. Bunlar: uçuş, oteldə yaşayış, geyim, suvenir, turistlərin etdikləri qalan alış-verişlərdir”, - ekspert İrina Qonçarova çərşənbə günü “İnterfaks”a bildirib.
“İnterfaks” yazıb ki, ekspertlərin qiymətləndirmələrinə görə iqtisadi ziyan Türkiyə üçün çox böyük olacaq:
“Bu, hiss ediləcək zərər olacaq, belə ki, turizm Türkiyənin əsas gəlir mənbələrindəndir. Türk kurortlarının rusiyalı turistlər üçün populyar səfər istiqamətlərindən olduğunu qeyd etmək yetərlidir. Bu istiqamət həm də ilboyu istifadə edilir. Türk otellərində isə personal ingilis dilindən çox türk və rus dilini bilməlidir, belə ki, Türkiyə üçün əsas turist axını iki istiqamətdən gəlir -Almaniya və Rusiyadan”, - Qonçarova qeyd edib.
Bütün bu proseslərdən sonra, Rusiya əlbəttə ki, alternativ bazarların axtarışına başlayacaq. Belə ki, artıq ölkənin Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, Rusiya Türkiyədən aldığı aqrar məhsulların yerini digər alternativ bazarlar vasitəsilə təmin edəcək. Təbii ki, nazirlik alternativ bazar dedikdə, Azərbaycan bazarını da nəzərdə tutur.
Ümumiyyətlə, yaranmış situasiya Azərbaycan bazarına necə təsir göstərə bilər? Əgər Azərbaycan aqrar məhsullarını Rusiya bazarına çıxardacaqsa bu halda daxili bazarda qiymətlər bahalaşacaq? Və nəhayət, rusiyalı turistlər Azərbaycana axın edə bilərlərmi?
Oxu.Az bu məsələlər ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov və iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.
Milli Məclisin deputatı V.Əhmədov hesab edir ki, yaranan gərginlik tezliklə sonlana bilər:
“Bu hadisələrin özü xoşagələn deyil, çünki Türkiyə bizə qardaş və beynəlxalq aləmdə Azərbaycanı müdafiə edən dövlət və yaxın dostumuzdur. Rusiya isə bizim sərhəd qonşumuzdur. Ümumilikdə bölgədə belə bir hadisənin baş verməsi xoşagələn deyil. Mən belə hesab edirəm ki, bu iki dövlət dil tapıb bu hadisəyə yumşaq yanaşacaqlar və heç bir ciddi problem baş verməyəcək. Ola bilər, müəyyən sanksiyalar tətbiq edilə, müəyyən siyasi addımlar atıla bilər. Amma düşünürəm ki, iki ölkə rəhbərliyi bunu yoluna qoyacaqlar”.
Deputat hesab edir ki, bu məsələdə ən çox uduzan Rusiya tərəfi olacaq:
“Ümumilikdə götürdükdə, iki ölkə arasında münasibətlərin gərginləşməsi bölgəyə də öz təsirini edir. Bu məsələdə ən çox uduzan əlbəttə Rusiya olacaq. İdxal-ixrac əməliyyatlarına baxdıqda Rusiya Türkiyəyə 25 milyard dollar, Türkiyə isə Rusiyaya 6 milyard dollar mal ixrac edir. Rusiya Türkiyədə 2 milyard dollarlıq atom elektrik stansiyası tikir. Bu məsələlər var”.
Onun sözlərinə görə, son günlər Azərbaycanın aqrar məhsullarının Rusiyaya ixracında problemlər yaranmışdı, bu məsələ öz həllini tapacaq:
“O ki qaldı Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracına son vaxtlar bilirsiz ki, həm cənub, həm də şimal bölgəsində kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar müəyyən problemlər yaranmışdı. Nəhayət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi komissiya yaradıb orda olan məsələni müzakirə edəcəklər. Bu cür problemlər mütəmadi olaraq bizim üçün Rusiya tərəfindən yaradılır. Bu da yəqin öz həllini tapacaq”.
“Əgər münasibətlərin gərginləşməsi istənilən həddə qədər davam edərsə, düzü mən bunu gözləmirəm. Bu hadisə bütün iqtisadi əlaqələrə təsir göstərə bilər”, - deyə ekspert əlavə edib.
V.Əhmədov bildirib ki, Azərbaycan prezidentinin tapşırığına əsasən, daxili bazar aqrar məhsullarla təmin edildikdən sonra onun qalan hissəsi ixrac edilir, ona görə də daxili bazarda qiymətlər bahalaşmayacaq.
“Bölgədə sabitlik olarsa bu halda, Azərbaycana turist axını artacaq, əks hadisə baş verərsə bu halda Azərbaycana turist axınında azalma baş verə bilər”, - deyə deputat əlavə edib.
Öz növbəsində iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, yaranmış situasiyadan azərbaycanlı sahibkarlar istifadə edə bilərlər:
Azərbaycan Rusiya ilə Türkiyə arasında gərginliyin yaşanmasında və davam etməsində maraqlı deyil. Amma münasibətlər gərginləşərsə, bu halda azərbaycanlı iş adamları müəyyən manevrlər edə bilərlər:
“Azərbaycan iki ölkə arasında münasibətlərin qısa zamanda yaxşılaşması və bölgədə stabilliyin olmamasının tərəfdarıdır. Eyni zamanda, iki ölkə arasındakı münasibətlər heç də digər ölkələrin məsələyə münasibət və baxışından da asılı deyil. Praktiki olaraq, son proseslər və iki ölkədə səslənən bəyanatlar, həm də mətbuatda aparılan təbliğat göstərir ki, münasibətlərin gərginləşməsi ehtimalları daha yüksəkdir.
Azərbaycan şirkətləri bu halda iqtisadi baxımdan müəyyən manevrlər etmək imkanına malik ola bilərlər. Nəzərə alsaq ki, Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsi olduqca böyükdür. Belə ki, Türkiyə il ərzində Rusiyaya 5,9 milyard dollarlıq mal göndərir. Göndərilən məhsulların böyük bir qismi ərzaq və geyim məhsullarıdır. Türkiyə Rusiyadan 25 milyard dollarlıq mal xüsusən enerji resursları idxal edir. Türkiyənin ixrac etdiyi qida məhsullarının 20%-i, geyim məhsullarının isə 15%-i Rusiya bazarına göndərilir.
Praktiki olaraq Türkiyənin Rusiya bazarından çəkilməsi həmin bazarda boşluğun yaranmasına imkan verəcək. Bu isə Azərbaycanlı iş adamlarının Rusiya bazarına çıxış imkanalarını genişləndirə bilər. Nəzərə alsaq ki, türk iş adamalarının Rusiya bazarında daha çox satdığı məhsullar qida və kənd təsərrüfatı məhsullarıdır. Ənənəvi olaraq Azərbaycan şirkətləri, fermerləri Rusiya ilə daha çox işləyirlər. Məhz bu səbəblərdən bu bazar Azərbaycanlı şirkətləri tərəfindən doldurula bilər”.
Ekspetr bildirib ki, Azərbaycan Rusiya turistlərinin bir qismini qəbul edə bilər:
“Rusiyalıların dincəlmək üçün getdiyi əsas ölkələrdən biri də Türkiyədir. Ötən il 4 milyon 480 min Rusiyalı turist Türkiyədə dincəlib, onların bu ölkənin iqtisadiyyatına sərmayəsi 4 milyard dollardan çox olub.
Bu baxımdan Azərbaycanın turizm sektoru həmin turistlərin bir qismini ölkəyə cəlb edilməsi imkanlaına malikdir. Nəzər alsaq ki, Azərbaycan və Rusiyanın qonşu ölkələr olması, xüsusən son illər qış turizminin inkişaf etdirilməsi Azərbaycanın Rusiyalı turistlərin bir qismini cəlb etmək imkanları verir. Bu halda Azərbaycan turizm sektorunda qiymətlərin aşağı salınması və keyfiyyətin artırılması istiqamətində işlər görülməlidir ki , Rusiyalı turistlər Türkiyəyə getməyəcəyi halda, onların bir qismini ölkəyə cəlb edə bilsin.
Bu baxımdan Azərbaycan iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı olmasa da belə, reallıqda belə bir gərginlik müşahidə edilərsə, o zaman Azərbaycanlı sahibkarları bu gərginlikdən və münasibətlərin pisləşməsindən müəyyən qədər faydalanmaq imkanlıarına malik ola bilərlər. Və birmənalı şəkildə sahibkarlarımız Türkiyənin Rusiya bazarında boş olan yerini, eləcə də Rusiya turistlərinin bir qismini cəlb etməklə gəlir əldə etmək imkanlarına maik ola biləcəklər”.
“Daxili bazarda qiymətlərə gəldikdə isə güman etmirəm ki Azərbaycan bazarında qiymətlər bahalaşsın. Hazırda Azərbaycandan Rusiya göndərilən məhsulların həcmində artımalr müşahidə edilir.
Amma söhbət 2016-ci ildə növbəti mövsümdə satılacaq məhsullardan gedir. Qısa zamanda Türkiyə qida və aqrar məhsullarının Rusiya bazarından çəkilməsi praktiki olaraq mümkün deyil. Əgər belə tələbat olarsa bu halda fermerlər istehsalı artırmaqla, həm daxili, həm də Rusiya bazarına təmin edə bilərlər. Amma əgər mövcud istehsalı saxlayaraq bazara daha çox məhsul çıxaracaqlarsa bu halda təbii ki, daxili bazarda qiymət artımları istisna edilmir”.
Ülviyyə R. Əli
www.oxu.az