“Garant Holding”in investisiyaları sayəsində Azərbaycanın Ucar rayonunda “Ucar Aqro” quşçuluq kompleksi beynəlxalq standartlara cavab verən, yalnız ölkəmizdə deyil, eləcə də Cənubi Qafqaz regionunda müasir quş əti istehsal edən qabaqcıl müəssisələrdən birinə çevrildi.
“Ucar Aqro” kompleksinə yumurtaların inkubasiyasından başlayaraq və quşların böyüdülməsinə, onların kəsilməsinə, qablaşdırılmasına, ticarət şəbəkələrinə hazır məhsulun çatdırılmasına qədər bütün istehsalat prosesini əhatə edən bir neçə müəssisə daxildir.
Oxu.Az-ın müxbiri bu yaxınlarda “Garant Holding” tərəfindən Azərbaycan kütləvi-medianın bir qrup nümayəndələri üçün təşkil edilmiş mətbuat-turun tərkibində quş ətinin emalı üzrə “Ucar Aqro” MMC müəssisəsində olub.

KİV nümayəndələrini “Ucar Aqro”nun baş direktoru Rüfət Məmmədzadə, Satış və Marketinq Departamentinin direktoru Samir Eyyubov, İstehsalat Departamentinin direktoru Xəqani Məmmədov, Maliyyə Departamentinin direktoru Fərhad Əliyev, baş həkim-veterinar Rüstəm Qasımov qarşıladı.

Biz toyuq ətinin necə emal edildiyini, hazır məhsulun istehsal prosesini gözümüzlə gördük, fotoreportajımız da məhz bu haqdadır.
“Ucar Aqro” zavoduna yola düşdükdə, heç ağlıma da gəlməzdi ki, zavoda daxil olan hər kəs duş qəbul edib, xüsusi geyim geyinməlidir. Bu məqsədlə burada qarderob və duş kabinələri quraşdırılıb.
Jurnalistlərə bəyaz xalatlar, xüsusi papaqlar, qoruyucu maskalar və baxil verildi. Əməkdaşlara isə daha ciddi tələblər qoyulur – onlar uniforma, bir dəfəlik istifadə üçün əlcəklər, xüsusi baş geyimlər, dəyişik ayaqqabı geyinirlər, bütün ayaqqabılar dezinfeksiya edilir.

İşə başlamazdan əvvəl bütün əməkdaşlar mütləq şəkildə tibbi baxışdan keçməlidirlər, problem olduğu halda işə buraxılmırlar. Zavodda əsas prinsipə - gigiyenaya sözsüz riayət edilir.

Qeyd edək ki, zavodun 2012-ci ilin sentyabr ayında İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində əsası qoyulub, ilk hazır məhsulu isə “Mərcan” brendi adı altında Azərbaycan bazarına 2014-cü ildə çatdırmağa başlayıb.
Zavodda ən müasir avadanlıq quraşdırılıb: elektron idarə paneli olan konveyer xətləri, qablaşdırma sistemləri, yuyucu qurğular və s. - bütün bu avadanlıqlar: Böyük Britaniya, Hollandiya, Almaniya, İtaliya, İspaniya, eləcə də İsraildə hazırlanıb.

Burada hər şey avtomatlaşdırılıb, amma yenə də bəzi əməliyyatlar əl ilə yerinə yetirilir. Bu, xüsusilə quşların islam normalarına görə (MS 15000-2009) “halal” standartına uyğun kəsilməsinə aiddir, burada yalnız əl ilə kəsilmədən istifadə edilir.

Ümumiyyətlə, zavodda 108 adam çalışır, onların hamısı yerli sakinlərdir. Zavodda təhlükəsiz və yüksək istehsalat əməyi üçün bütün şərait yaradılıb. Əməkdaşları işə xüsusi avtobus gətirir. Zavodda ilkin tibbi yardım kabineti fəaliyyət göstərir. Burada bütün lazımi dərmanlar var. Müəssisədə həmçinin islama riayət edən işçilər üçün namaz otağı da mövcuddur. Nahar fasiləsində işçilər geniş yeməkxanada isti yeməklə təmin olunurlar.
Qeyd edim ki, zavod aşpazlarının kulinar qabiliyyətləri tərifəlayiqdir. Toyuqdan hazırlanan bu qədər yemək çeşidi ilə heç restoranlarda belə rastlaşmamışdım. Əlbəttə, menyuda başqa dadlı yeməklər də var idi.
Ekskursiya zamanı jurnalistlərə, müəssisədə istehsalatın israfsız olduğunu deyiblər. Tullantılardan emal edilərək yem hazırlanır.
Zavodda əsas istehsalat prosesi beş – diri quşun kəsildiyi sex, soyuducu sexi, bölünmə, qablaşdırma və kamera (şok dondurma) sexlərində aparılır.
Kəsilmə sexinə quşlar xüsusi furalarda çatdırılır. Əl ilə konveyerə asılırlar və kəsilmə prosesi başlayır, bu, həm avtomatik, həm də əl ilə (“halal” sinfi məhsulu üçün – red.) yerinə yetirilir.

Konveyerlərin ətrafında qırmızı “ipin” nə məqsədlə çəkildiyini soruşduqda, cavab verdilər ki, bu, özünəməxsus “stop-kran”dır, ona toxunan zaman konveyer dayanır, bu, təhlükəsizlik qaydalarına aiddir.
Konveyerdə asılmış quşu 52С°-dən artıq olmayan qaynar su ilə emal edirlər, bundan sonra quşun tükü təmizlənir. Bu proses tamamən avtomatlaşdırılıb.
Kəsildikdən sonra quşlar konveyerlə digər sexə göndərilirlər. Burada əsas olan quşun tez bir zamanda soyudulmasıdır, bu, bakteriyaların çoxalmasını minimuma endirmək üçün vacibdir.

Qeyd edim ki, quş ətinin istehsalının bu mərhələsində “Ucar Aqro” – Azərbaycan istehsalatçıları arasında hava-damcı sistemi ilə soyutma innovasiyası tətbiq edən yeganə müəssisədir.

“Ucar Aqro” MMC-nin baş direktoru Rüfət Məmmədzadənin sözlərinə görə, əvvəl olduğu kimi indi də quş əti istehsalçıları köhnəlmiş soyutma texnologiyasından istifadə edirlər. Bu sistemin tətbiqi zamanı quş əti xüsusi vannalara yerləşdirilir və bu, soyuq su ilə dolu vannalarda lazımi temperatura qədər soyumaq üçün müəyyən müddət qalırlar.
“Bu texnologiya böyük minusdur – kontaminasiya riskidir (yoluxma-red). Su mühiti çox tez kirlənir. Onun vasitəsilə patogen mikroorqanizmlər yayılır. Bizdə isə müasir hava-damcı soyutma sistemi tətbiq edilir. Bu zaman hər bir toyuq cəmdəyi soyuq “hava yastığı” ilə əhatə edilir, bu isə kontaminasiya riskini sıfıra endirir. Asılmış quş 3 saat ərzində 1350 metrlik konveyer xəttini keçir və nəticədə məhsulun dərindən soyudulması prosesi gedir. Bu texnologiyanın tətbiqi sayəsində “Mərcan” toyuqlarının ətinin 0,2С°-yə qədər soyudulması kimi qeyri-adi nəticələr əldə etmişik”, - R.Məmmədzadə qeyd edib.

Doğranma sexində proses avtomatlaşdırılmış rejimdə həyata keçirilir, bu zaman bütün parametrlər idarə panelinə verilir, bu parametrlər ticarət şəbəkələrindən gəlmiş sifarişlər üzrə (bütöv toyuqların, qanadların, filenin sayı və s.) müəyyən edilir.

Operatorlar prosesə nəzarət edir və məhsulun keyfiyyətini yoxlayırlar.

Soyudulmuş və doğranmış məhsul qablaşdırma sexinə göndərilir.

Burada məhsulun növündən asılı olaraq bir neçə xətt mövcuddur. Sexdə həmçinin müəyyən temperatur rejimi qorunur.

“Bizim qablaşdırma hazır məhsulun yalnız satış görkəmini deyil, eləcə də keyfiyyətini uzun müddət qoruyur. Üçqat vakuum qablaşdırma sayəsində soyudulmuş “Mərcan” toyuqları dondurulmadan 5-7 sutka saxlanıla bilər”, - R.Məmmədzadə.

Qeyd edək ki, müəssisənin hər bir növünün orijinal qablaşdırması var. “Mərcan” “Kənd çolpası” məhsulunun erqonomik dizaynlı qablaşdırılması jurnalistlərin xüsusi marağına səbəb oldu.

Yeri gəlmişkən, “Ucar Aqro”nun zəngin məhsul xətti var: adət etdiyimiz broyler cücələrindən başqa, burada “Süsəh” cinsindən “Mərcan” “Kənd çolpası” istehsal edilir, onlar 100-10 gün ərzində yetişdirilir və “Yubileynaya” cinsindən “Mərcan” “Premium” toyuqları 75-80 gün ərzində yetişdirilir.
Soyudulmuş “Mərcan” toyuqlarından başqa, müəssisə bazara dondurulmuş “Mərcan” toyuqlarını da çatdırır. Bunun üçün toyuqları 8 saatlıq xüsusi “şok dondurulması” adlandırılan kameraya yerləşdirirlər, burada temperatur 35С° olur.

Hazır “Mərcan” məhsulu xüsusi plastik qaba yerləşdirilir və avtokarlarda birbaşa fura-refrijeratorlara yığılır, ordan isə marketlərə aparılır.

Müəssisənin lojistikası da yüksək səviyyədə təşkil edilib. Hazır məhsul anbarlarda çox qalmır və praktiki olaraq mağazaların piştaxtalarına yollanır. “Ucar Aqro” avtoparkında 16 yük avtomobili var, iki böyük 30 tonluq fura, bir 20 tonluq fura və diri quşun daşınması üçün iki maşın.

Laboratoriya müəssisənin müqəddəs məkanı hesab edilir.

O, bütün lazımi avadanlıqla təchiz edilib. Veterinar nəzarəti ən yüksək səviyyədə həyata keçirilir.

İş bitdikdən sonra bütün istehsalat məkanları xüsusi yuyucu vasitlələrlə yuyulur.
Məhsulun daşındığı plastik tara da, xüsusi aparatlarda yuyulur və qurudulur. Burada suyun temperaturu 80С°-yə çatır.
“Müəssisənin istehsalat gücü ildə 22 min ton məhsuldan ibarətdir. Diri quşun kəsilməsi saatda 6 min baş olur.

Bu gün üçün müəssisəmizin istehsalat gücü tam olaraq istifadə edilmir, çünki müəssisə yenidir və tədricən başlamaq lazımdır. Biz zamanla istehsalatın maksimal həddinə çıxmağı düşünürük, indi isə tələbat və təklif arasında tarazlığı qoruyub saxlayırıq”, - R.Məmmədzadə.

“Biz daxili bazara cari ilin mart ayının 1-də çıxmışıq və bu gün istehsalatın həcminin artmasının müsbət dinamikasını müşahidə edirik. “Mərcan” brendi adı altında məhsulumuzu getdikcə daha çox istehlakçı tanıyır. Tələbat gün keçdikcə artır. İstehlakçıların gözündə “Mərcan” “Kənd çolpası” xüsusi populyarlıq qazanıb. Biz, bu gün də kənd toyuqlarının istehsalat əsasında buraxılışını təşkil edən yeganə müəssisəyik. Faiz mütənasibliyində bu istehsalatın ümumi həcminin 10-15%-ni təşkil edir. Hal-hazırda ayda orta hesabla 250 tondan artıq məhsul istehsalat edirik. Məhsulumuz Bakı, Sumqayıt, Ucar, Zərdab, Göyçay rayonlarında, eləcə də Bərdə və Kürdəmirin ticarət şəbəkələrinə çatdırılır. Məhsullarımızın qiymətlərinə gəldikdə isə onlar yerli bazar üçün yüksəkdirlər. Amma bu məhsulumuzun yüksək keyfiyyəti ilə əlaqədardır, bu, malın maya dəyərini artırır”, - Satış və Market Departamentinin direktoru Samir Eyyubov bildirib.

Baş direktor Rüfət Məmmədzadənin sözlərinə görə, “Ucar Aqro” MMC-nin planlarında gələcəkdə istehsalatın artırılması, əsasən də müxtəlif cins toyuqların yetişdirilməsi üçün kiçik fermer quşçuluq təsərrüfatlarının yaradılmasıdır.
“Biz artıq bu üsulu, fermerlərə cücə və yem verərək praktikada tətbiq etmişik. Bizim tərəfimizdən veterinar nəzarət həyata keçirilir. Sonra isə fermerlər bizə diri quş realizə etdilər. Bu qəbildən olan fermer quşçuluq təsərrüfatlarının sayı artırılacaq. Bu, həm bizim üçün, həm istehsalçılar üçün, həm də kənd sakinləri üçün əlverişlidir. Belə ki, onlar işlə təmin olunur və nəticədə quşların satışından gəlir əldə edirlər.
Bundan başqa, 2015-ci ildə yem zavodunun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Hələlik yemi yerli istehsalçılardan alırıq, amma yaxın gələcəkdə buna ehtiyac qalmayacaq”
Bizim müəssisə yalnız daxili deyil, eləcə də xarici bazara işləməyə hazırdır. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Əsasən də bizimlə əməkdaşlığa Rusiya maraq göstərib. Məlum olduğu kimi Rusiya bazarı hal-hazırda ərzaq məhsullarının çatdırılması üzrə yeni partnyorlar axtarır. Bu yaxınlarda müəssisəmizə “Rospotrebnadzor”dan nümayəndə heyəti təşrif buyurmuşdu. Məlum oldu ki, azərbaycanlı istehsalçılar, o cümlədən bizim müəssisə üçün kvotaların ayrılması nəzərdə tutulur.
“Mərcan” məhsulları bir sıra beynəlxalq standartlara müvafiqdir: ISO 2200 (ərzaq məhsullarının təhlükəsizliyi), ISO 9000 (təşkilat və müəssisələrin keyfiyyət menecmenti), MS 15000-2009 (“halal” islam standartı) və s.. Bu isə məhsulun yüksək keyfiyyətindən xəbər verir.
Çoxsaylı iştirakçısı olan bazara çıxarkən biz orada yer almaq üçün nə etməli olduğumuzu aydın bilirdik. Biz qarşımıza sadəcə bazarın ən yaxşı iştirakçılarından biri olmaq məqsədini deyil, eləcə də indiyə qədər Azərbaycanda heç kəsin etmədiyi bir yenilik etməyi, əsaslı şəkildə innovasion bir üsul tətbiq etməyi düşündük. Və bu gün mən deyə bilərəm ki, şirkət bu məqsədə nail oldu. Və biz “Ucar Aqro”nun gələcəyinə əminliklə baxırıq”, - R.Məmmədzadə sözünü yekunlaşdırdı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının dördüncü ilinin yekunlarına həsr edilmiş konfransda bəyan etdiyi kimi “Azərbaycan ərzaq təhlükəsizliyi problemini həll etdi və bu, böyük tarixi nailiyyətdir”.

Mətbuat-turun sonunda əmin oldum ki, “Ucar Aqro” ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində öz sözünü deyən, məhsulun yüksək keyfiyyətinin qorunmasına riayət edən müəssisədir.
Gülnarə Zeynalova
Foto: Nüsrət Abdullayev
www.oxu.az