Dövlət Neft Şirkətinin ikinci dəfə emissiya etdiyi SOCAR İstiqrazlarına tələb gözləniləndən yüksək olub. Xüsusilə fiziki şəxslərin daha çox maraq göstərdiyi istiqrazlara abunə yazılışları 29 oktyabr tarixində yekunlaşıb və 1 noyabrda qiymətli kağızlar birjada yerləşdirilib. Ötən gün isə artıq onların ikinci bazar əməliyyatlarına start verilib.
Bu dövr ərzində abunə yazılışları və digər proseslər barədə Oxu.Az-a danışan SOCAR-ın Maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu nəticələrin kifayət qədər müsbət olduğunu təsdiqləyib.

“İlkin emissiyada istiqraz alanlardan 75 faizi ikincidə də istiqraz əldə etdilər. Maraqlısı odur ki, əvvəlki investorlar 30 faiz daha çox vəsait gətirdilər, daha çox tələb göstərdilər. Bunu gözləyirdik. Məqsəd Azərbaycan vətəndaşlarının qazanması idi. Ona görə də fiziki şəxslər nə qədər tələb edirlərsə, o qədər vəsaitlə təmin edəcəyik, dedik. Qalan vəsaiti hüquqi şəxslər arasında tələbə görə bölüşdürməyi qərara aldıq. Nəticədə 60 milyon dollardan çox vəsait 730-dan çox fiziki şəxs arasında bölüşdürüldü. Bu, ilk emissiyadakı rəqəmdən iki dəfə daha çoxdur. Yəni, tələb ən çox fiziki şəxslərdən gəldi. Hüquqi şəxslərin sayı az idi. Onların içərisində banklar, sığorta və digər böyük şirkətlər var idi. Təbii ki, tələb etdikləri rəqəmlər böyük idi. Ümumi tələb 380 milyon dollardan çox oldu. Bu bizim gözləntilərimizin üstündə idi. Haradasa, bazara çıxarılan vəsaitdən dörd dəfəyə qədər çox. İlk emissiyada isə tələb iki dəfə çox idi. Hüquqi şəxslər tələb etdikləri həcmlərin 12 faizini, fiziki şəxslər isə tamamını əldə etdilər”, - deyə, o bildirib.

Fiziki şəxslərdən gələn tələbin yüksək olmasını şirkət üçün yaxşı xəbər kimi dəyərləndirən Əli Ağaoğlu əlavə edib ki, ilk emissiyada fiziki şəxslərin maksimum 100 min dollara qədər istiqraz ala biləcəyini, qalan məbləğin isə hüquqi şəxslər arasında tələbata uyğun olaraq bölüşdürülə biləcəyini düşünüblər, lakin bu dəfə bütün tələblər qarşılandı.
Onun sözlərinə görə, tədavül müddəti bitən istiqraz sahiblərindən “yenisini nə vaxt çıxaracaqsınız?”, “pulumuzu hara invest edək?” kimi suallarla qarşılaşıblar:
“İlk istiqrazlarımızı buraxdıqda iki məqsədimiz var idi. Birincisi ölkədə maliyyə bazarlarının inkişafını təşviq etmək, ikincisi isə xaricə faiz ödəməkdənsə, Azərbaycan vətəndaşlarına gəlir qazandırmaq idi. İlk emissiya prospektindən sonra 10 korporativ şirkət 20-yə yaxın istiqraz buraxdı. Biz artıq yolu açmış və işi asanlaşdırmışdıq, onlar da arxamızca gəldilər. İkinci emissiyanın ilkindən çox da fərqi yoxdur. Tədavül müddətinin sonunda investorlar ümumi 22,5 milyon dollar gəlir qazanacaqlar”.
Bütün bunları çox uğurlu nəticələr kimi qiymətləndirən SOCAR rəsmisi qeyd edib ki, fiziki şəxslərin adlarını sadaladıqca “...qızı” sözünü çox eşitdikdə dedim ki, dayanın, burada çoxlu sayda qadın var, onların faizinə baxaq. Deməli, hər üç investordan biri qadındır. Bu da çox yaxşı xəbərdir. Əgər qadınların inamını qazanmışıqsa, çox böyük bir iş bacarmışıq”.
Böyük tələbatı nəzərə alaraq növbəti beş il ərzində SOCAR üçüncü emissiyanı da bazara çıxa bilərmi? - sualına cavab olaraq şirkətin baş məsləhətçisi bildirib ki, bunun üçün öncə ikinci bazar əməliyyatlarının gedişatını izləmək lazımdır:
“İlkin bazarda istiqraz əldə edə bilməyənlər ikinci bazara gələcəklər. Təbii ki, beş il ərzində hər şey qaydasında getdi. SOCAR İstiqrazlarının tədavül müddətinin bitdiyi tarixə üç ədəd emissiya daha gəldi. Deməli, bu məsələdə SOCAR liderlik etməyi bacarıb. “Növbəti beş il ərzində yeni bir emissiya buraxılarmı?” - sualına cavab vermək üçün ilk öncə ikinci bazar əməliyyatlarını izləmək lazımdır. Lakin, məncə ikinci emissiyaya bu qədər tələbin olması yeni bir emissiyanın da edilməsini haqlı göstərir”.

SOCAR rəsmisi növbəti illərdə Azərbaycanda maliyyə bazarlarını gözləyən yeniliklərdən də danışıb. Onun sözlərinə görə, bu yeniliklər SOCAR üçün də yaxşı xəbər hesab edilə bilər:
“İkinci emissiyaya hazırlaşdığımız müddətdə Mərkəzi Bank, Bakı Fond Birjası və Milli Depozit Mərkəzi ilə görüşlər keçirdik. Nəticədə biz onlarla əməkdaşlıq edəcəyik. Bundan sonra “siz nə edəcəksiniz, biz nə edəcəyik?” - bu barədə danışdıq. Həm SOCAR üçün, həm də maliyyə bazarları üçün bir neçə yaxşı xəbər var. İlki Milli Depozit Mərkəzi (MDM) ilə bağlıdır. Türkiyədə MDM müvafiq mərkəzlə əməkdaşlıq edəcək. Bu barədə müqavilə imzalanıb. İkinci yaxşı xəbər “dual listing” deyilən bir sistemin tətbiqi ilə bağlıdır. Bu sistemlə həm Bakı birjasında, həm də İstanbul birjasında eyni anda emissiya edilə biləcək istiqraz və ya səhmlər olacaq. Beləliklə Azərbaycanda ikən Türkiyədəki hər hansı səhmi, istiqrazı və ya Türkiyədə ikən Azərbaycandakı hər hansı səhmi, istiqrazı əldə edə biləcəksiniz. Bu çox vacib bir irəliləyişdir. Bəli, asan olmayacağını bilirik, lakin beş illik zaman çərçivəsində bu mövzuda ciddi yol qət edəcəyik”.
Qeyd edək ki, SOCAR İstiqrazları beş illik müddətə buraxılıb. Faiz gəliri 4,5 faizdir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək.
Nigar Məmmədova
FOTO: Firudin Səlimov