"Azərbaycanda məhkəmə sistemində xeyli islahatlar gedib, qəbul olunan qərarlar işi daha da operativləşdirir və yaxşılaşdırır. Amma təəssüflər olsun ki, bunun icraya yönəlməsində müvafiq problemlər var. Bir tərəfdən, icraya yönələndə, əgər vətəndaşın banka hansısa bir borcu varsa, bu, icraya yönələndə dərhal həyata keçirilir. Lakin vətəndaşa olan və yaxud da vətəndaşın mülkiyyət münasibətləri, torpaq, alqı-satqı münasibətləri getdikcə uzanır, ildən-ilə keçir və bunun həyata keçirilməsi vətəndaş üçün problemlər yaradır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, elə hallar var ki, vətəndaşın yüzminlərlə borcu var və elə bir qiymət müəyyənləşir ki, həmin qiyməti ödəməkdən ötrü iki yüz il vaxt lazımdır:
"Halbuki onun kifayət qədər əmlakı var, bu əmlakı müəyyən etmək mümkündür. Baxmayaraq ki, digərlərinin adınadır, amma bəllidir ki, əmlak həmin şəxsə aiddir, dələduzluq yolu ilə, başqa yollarla vətəndaşın əmlakını ələ keçirirlər, sonradan isə adi bir qaydada cəza müəyyənləşir və kiçik bir həcmdə bunun icrası həyata keçirilməyə başlayır. Hesab edirəm, gələcəkdə bu icra haqqında qanun layihəsinə bir də yenidən baxıb əlavələr, dəyişikliklər etməliyik ki, vətəndaşlarımız əziyyət çəkməsinlər".