"Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılıb. Qanun layihəsinə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, yeddisi üzrə azalma nəzərdə tutulub, bir mənbənin həcmi dəyişməz saxlanılıb və bir mənbə üzrə proqnoz nəzərdə tutulmayıb".
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, növbəti il üçün dövlət büdcəsinin gəlirləri cari ilin göstəriciləri ilə müqayisədə ümumi həcmdə ciddi dəyişiklik nümayiş etdirməsə də, gəlirlərin tərkibində əhəmiyyətli struktur dəyişikliklərinin baş verəcəyi proqnozlaşdırılıb:
"2026-cı ilin icmal, o cümlədən dövlət büdcəsində neft gəlirlərinin əvvəlki dövrlə müqayisədə azalacağı, qeyri-neft gəlirlərinin isə artacağı proqnozlaşdırılıb.
Növbəti ildə Dövlət Neft Fondundan transfert cari ilin proqnozu ilə müqayisədə 11.4% azalmaqla nəzərdə tutulub. Transfertin azaldılmasını həm fondun vəsaitlərinin qorunması, həm də dövlət büdcəsinin neft asılılığının azaldılması baxımından müsbət qiymətləndiririk. Eyni zamanda, qeyd edək ki, transfertin DNF gəlirlərinə nisbətinin 98.5% təşkil edəcəyi gözlənilir.
2026-cı ilin dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumlar üzrə artım proqnozlaşdırılıb. Növbəti ildə baza ssenari proqnozlarının icra olunacağı şəraitdə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindəyik.
Növbəti il üzrə büdcə məlumatlarının təhlili xərclərin strukturunda ciddi dəyişikliklərin nəzərdə tutulduğunu göstərib. Bu, əsasən, uçot siyasətində edilən dəyişikliklərlə bağlıdır.
2025-ci illə müqayisədə əsaslı xərclərdə azalma (1.2%), cari və dövlət borcuna xidmət xərclərində isə artım (müvafiq olaraq 1.6% və 2.4%) proqnozlaşdırılıb".
V.Gülməmmədov əlavə edib ki, borca xidmət xərclərinin artımı dövlət büdcəsinin xərclərinin artımını üstələyib:
"Bu da onun büdcədə payının cüzi də olsa artımını şərtləndirib. Növbəti ildə dövlət borcuna xidmət xərclərinin 2.45 mlrd. manat olacağı, faiz ödənişlərinin isə bu xərclərin 56.2%-ni təşkil edəcəyi proqnozlaşdırılıb.
Beynəlxalq təşkilatların təhlillərinə əsasən, bir çox ölkələrdə borca xidmət xərclərinin əhəmiyyətli hesab edildiyi və bu xərclərin təhsil, səhiyyə və ətraf mühit xərclərini üstələdiyi də bildirilir. Növbəti ildə "Büdcə zərfi"nə əsasən, borca xidmət xərcləri gəlirlərin 6.4 faizi, xərclərin isə 5.9 faizi həcmində proqnozlaşdırılıb ki, bu da məqbul səviyyədir.
Hesablamalarımıza əsasən, dövlət büdcəsinin xərclərinin 41.7%-i icra prosesində bölgüsü həyata keçirilən xərclərdir. Bu xərclərin bloklanmış hissəsi, təxminən, 9.2 mlrd. manatdan çox olmaqla proqnozlaşdırılıb. Hesab edirik ki, bu xərclərin büdcədə payının azaldılması imkanları mövcuddur. Aparılan təhlillər göstərib ki, bloklanmış xərclərin icra prosesində bölünməsi dövlət satınalmalarının planlaşdırma və metodlarına təsir edir".
Məhərrəm Əliyev