Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası dövründə 680 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 148,2 milyon manat güzəştli kredit verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Onun sözlərinə görə, bu kreditlər 5300-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb.
Ş.Abdullayev, həmçinin deyib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.
Ş.Abdullayev qeyd edib ki, 2014-cü ilin yanvar ayı ərzində respublika üzrə 277 sahibkara 9,3 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verib.
Ş.Abdullayev “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə Fond tərəfindən həyata keçiriləcək tədbirlər barədə də məlumat verib.
Onun sözlərinə görə, Binə qəsəbəsində keçirilən tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 12 sahibkarlıq subyektinə 3,1 milyon manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, logistik xidmət və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
Qeyd olunub ki, “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Binə qəsəbəsində ildə 9 min ton tərəvəz məhsulları istehsal edən və ildə 5,6 milyon şitil yetişdirilən müasir istixana komplekslərinin fəaliyyətinə baxış keçirilib.
Gülnarə Zeynalova
www.oxu.az