O, ABŞ-ın 39-cu ticarət naziridir. ABŞ tarixində ilk dəfə “leşyeyən” ləqəbində nazir vəzifəyə gətirilib. Söhbət Donald Tramp administrasiyasına daxil olan,1990-cı illərdə Rusiyanın müflisləşən müəssisələrini alaraq, onlardan maksimum xeyir götürən, gizli qardaşlıq birliyi “Kappa Beta Fi”nin liderlərindən hesab edilən Uilbur Rossdan gedir. 2,9 milyard dollarlıq sərvətin sahibi olan U.Rossun necə “leşyeyən”, “müflisləşdirmək kralı” ləqəbinə sahiblənməsinə gəlincə, bu həyat hekayəsi ilgincdir.
Uşaqlığı
Uilbur Ross 1937-ci ilin 28 noyabrında Vikoxendə (Nyu Cersi ştatı) dünyaya göz açıb. Atası Uilbur Ross vəkil (sonradan hakim), anası Aqnes Ross orta məktəb müəllimi olub. Uilbur ilk təhsilini kifayət qədər nüfuzlu Ksaver katolik məktəbində alıb.
Məktəb yaşadıqları yerdən o qədər uzaqda yerləşirdi ki, Uilbur dərsə getmək üçün hər gün saat yol qət edirdi. Hazırda “müflisliklər kralı” ləqəbi ilə məşhur olan Ross orta məktəb illərində yüngül atletika ilə məşğul olurdu, eyni zamanda, atıcılıq komandasının kapitanı idi.
Bakalavr təhsilini atasının da məzun olduğu Yale Universitetinin incəsənət fakültəsində alır.
Ross tələbəlik illərində yazıçı olmaq istəyir. Hətta universitetin ədəbiyyat jurnalında redaktor belə işləyir. Lakin qəfildən fikrini dəyişir və Harvard Universitetinə qəbul olur. 1961-ci ildə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alır.

İş həyatı
Ross öz karyerasına “N M Rothschild & Sons” maliyyə şirkətində başlayır. 25 il bu şirkətdə işləyir. Buna görə də onun adını Rotşildlərlə bağlayırlar. Şirkətdə Rossun əsas işi müflis şirkətlərin restrukturizasiyası haqqında məsləhət vermək idi.
Qeyd edək ki, Rossla Donald Trampın tanışlığı da buradan başlayır. O zaman maliyyə çətinliyi ilə üzləşən Tramp Atlantik Sitidəki üç kazinosunu kreditorlara təhvil vermək üzrə idi. Ross və maqnat Karl Aykan “Rothschild Inc.” şirkətini Trampla müqavilə bağlamağa razı salırlar. Beləliklə, Tramp kazinolarını kreditorların cəngindən xilas edir.

“Leşyeyən”
Doğrusu, heç də pis ləqəb deyil. Uilbur Ross bu ləqəbi alnının təri iləqazanıb. 1990-cı ilin sonunda 200 milyon dollar kapitalla investisiya və stress aktivləri ilə bağlı fondu – “WL Ross & Co.”nu yaradır. Lakin Rossun əsas fəaliyyəti konsultasiya deyil, invesitiya etmək olur. Xüsusilə fond birjalarda vəziyyətin gərginləşdiyi, şirkətlərin müflisləşdiyi zamanlarda. Ross bazarda maliyyə vəziyyəti pis olan, bununla belə, inkişafı mümükün olan şirkətləri ucuz qiymətə satın alır, restrukturizasiyasını apardıqdan sonra iki dəfə baha qiymətə satırdı. Düzdür, bizneslər yenidən qazanırdı. Ancaq ən çox qazanan Uilbur Ross olurdu. Məhz bu “ölən” şirkətlərə marağı səbəbindən o, “leşyeyən” ləqəbini alır.
Birja oyunları
2002-ci ildə Ross “International Steel Group”u yaradır. Müflis olmuş bəzi metallurgiya şirkətlərinin səhmlərini satın alır. 2005-ci ilin aprelində “International Steel Group”u “Mittal Steel Company”yə 4.5 milyard dollara (50% nəğd, 50% səhmlər) satır.
Bir neçə kömür şirkətinin müflisləşməsindən sonra isə Uilbur Ross “International Coal Group”u yaradır. Bu şirkətləri alan milyarder 2011-ci ildə “International Coal Group”u “Arch Coal”a 3.4 milyard dollar satır.

“Müflisliklər kralı”
Avropadakı böhrandan istifadə edir və bu bölgəyə də əl uzadır. O dönəmdə bir çox Avropa aktivləri, eləcə də, bank sektoru pis vəziyyətdə idi. “Bank of Ireland”, “Northern Rock” və“Bank of Cyprus”un səhmlərini alır və zamanı çatanda onları aldığından iki qat bahasına satır.
2006-cı ildə “Invesco Ltd” “WL Ross &Co”nu satın alır. Bununla belə, Ross yeddi milyard dollar kapitalı idarə edən bu şirkətin rəhbərliyində qalır.
U.Rossun fond birjalarındakı “oyunları” səhmdarların dəfələrlə ona qarşı iddia qaldırmasına səbəb olub. 2014-cü ildə bu iddialardan birinin qarşılığında o, 81 milyon dollar təzminat ödəyib.
2016-cı ildə isə o, investorlara 2,3 milyon dollar təzminat ödəməli olub. Buna səbəb də Dövlət Komissiyasının “WL Ross &Co.”nun satışı zamanı komissiya mükafatının məbləğinin artırılmasını aşkara çıxarması idi.

Şəxsi həyatı
Uilbur Ross üç dəfə evlənib. Birinci həyat yoldaşı Cudit Nodinlə 1961-ci ildə nikaha daxil olub. Milyarderin Cuditdən iki qızı dünyaya gəlib. 1995-ci ildə boşanan Ross Nyu-Yorkun vitse-qubernatoru Betsi Makkoui ilə evlənir. Beş il sonra Mokkouidən də ayrılır. Cəmi dörd il subay qalır. Növbəti dəfə “Quest” jurnalının yazarlarından biri – Hilari Ciri ilə ailə həyatı qurur.
150 milyon dollarlıq kolleksiya
Bir zamanlar incəsənət fakültəsində təhsil alan Ross məşhur incəsənət əsərlərinin kolleksioneri hesab edilir. Onun kolleksiyasının dəyəri 150 milyon dollardır. Bunun 100 milyon dolları Rene Maqrittenin çəkdiyi 25 rəsmin payına düşür.
L.Əliyeva
www.oxu.az