2014-cü ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə, 8-i zərərlə işləyib. Halbuki, bu ilin aprelində 11, mayında isə 10 bank zərərlə işləyirdi.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 235,06 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 34,34 milyon manat təşkil edib.
Nəticədə, bank sisteminin yekun mənfəəti 200,72 milyon manat təşkil edib, bu da 2013-cü ilin iyunu ilə müqayisədə təxminən 24% çoxdur.
Mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti may ayı ilə müqayisədə iyunda 2,42 milyon manat və ya 1% azalaraq 237,48 milyon manatdan 235,06 milyon manata düşüb. Eyni ayda bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri isə 1,83 milyon manat və ya 3% artaraq 32,57 milyon manatdan 34,34 milyon manata yüksəlib.
Bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri ötən ilin iyun ayı ilə müqayisədə 6 dəfə çoxdur. Belə ki, ötən ilin iyununda zərərlə işləyən banklar üzrə zərər 5,76 milyon manat təşkil edirdi.
Mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti ötən ilin iyun ayı ilə müqayisədə 67,03 milyon manat və ya 40% çoxdur.
Azərbaycanın Mərkəzi Bankı bildirir ki, zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlıdır. Bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır.