“Ziraat Yatırım” şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim” (PetroKimya) Holding A.Ş. ilə bağlı hesabat yayıb.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Hesabata görə, şirkətin satış gəlirləri 2015-ci ilin 4-cü rübündə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 1,157 milyon TL olub. Bundan başqa, səhmlərinin bazar dəyərini 3,49 TL-dən 3,85 TL-ə yüksəlib.
“Petkimin” xalis mənfəəti proqnozlardan aşağı olub:
““Petkim” in xalis mənfəəti 2015-ci ilin 4-cü rübündə 122,6 milyon TL olub. Müvafiq dövr üçün bazar proqnozları isə 135 milyon TL olaraq müəyyən olunmuşdu”.
“Ziraat Yatırım” şirkəti bununla belə, şirkətin xalis mənfəətini 2014-cü ilin müvafiq dövründəki rəqəmlər ilə müqayisə edərək bunu uğurlu göstərici hesab edib.
“Petkim”in təxmini dəyərini isə bazardakı dəyişikliklərlə əlaqədar olaraq 5 237 milyon lirədən 10,2% artıraraq 5 770 milyon lirəyə yüksəldib.
“Ziraat Yatırım” şirkəti hesab edir ki, 2016-cı ilin ilk iki ayında etilen nafta fərqinin güclənməsi və neftin qiymətindəki eniş “Petkim”in 2016-cı il gəlirliliyinin də güclü olacağına işarət edir.
Qeyd edək ki, hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir.
Türkiyə sanayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.
Ülviyyə R. Əli
www.oxu.az